BAKI, 12 sentyabr — Sputnik. Avrasiya İqtisadi İttifaqı (Aİİ) ölkələrindən biri olan Qazaxıstan Bakı Beynəlxalq Dəniz Ticarət Limanında terminal tikməyi planlaşdırır.
Bunu Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel "Azərbaycan-Qazaxıstan münasibətləri: regional əməkdaşlıq" mövzusunda dəyirmi masa zamanı bildirib.
"Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz/TBNM) müvafiq şərtlər daxilində Qazaxıstan ixracını yükləmək iqtidarındadır. Qazaxıstan Bakı limanında öz terminalını tikməyə hazırdır. Hazırda bu məsələ ilə bağlı danışıqlar aparırıq", - deyə Qazaxıstanın Azərbaycandakı səfiri vurğulayıb.
Diplomatın sözlərinə görə, nəqliyyat və logistika sektoru Azərbaycan və Qazaxıstan arasında əməkdaşlığın "onurğa sütununa" çevriləcək.
Xatırladaq ki, bu yaxınlarda məlum olub ki, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Qazaxıstandan gələn məhsullar üçün taxıl terminalı tikməyi planlaşdırır.
Bu yaxınlarda Özbəkistan da Bakı limanında öz terminalını açmaq niyyətində olduğunu bəyan edib. Daşkəndin planlarına görə, Bakı limanındakı terminal həm şəkərin Özbəkistana daşınması, həm də respublikadan ixrac tədarükü üçün fəaliyyət göstərəcək.