MƏDƏNİYYƏT

Rüfət Həsənovun istefasının səbəbi açıqlandı

2020-ci ilin avqustunda Mədəniyyət Nazirliyinin Kinematoqrafiya şöbəsinin (Mədəniyyət Nazirliyinin Audivizual və İnteraktiv Media şöbəsi) müdiri vəzifəsinə təyin edilmiş rejissor Rüfət Həsənov vəzifəsindən istefa verib.
Sputnik
BAKI, 11 sentyabr — Sputnik. Azərbaycan Respublikası Kino Agentliyinin (ARKA) baş direktoru vəzifələrini icra edən kinorejissor Rüfət Həsənov vəzifəsindən azad olunub.
Mədəniyyət Nazirliyindən cavab olaraq, bildirilib ki, mədəniyyət nazin Adil Kərimli Rüfət Həsənovun vəzifədən azad olunması ilə bağlı ərizəsini təsdiq edib.
Xatırladaq ki, Rüfət Həsənov həm də Mədəniyyət Nazirliyinin Audivizual və İnteraktiv Media şöbəsinin də müdiri idi. O, müvafiq ərizə ilə sözügedən vəzifəsini də tərk edib.
Nazirlikdən Sputnik Azərbaycan-a bildirilib ki, Rüfət Həsənov yaradıcı fəaliyyətlə məşğul olmaq istəyi ilə bağlı bu addımı atıb.
Rüfət Həsənov kimdir?
Rüfət Həsənov 24 aprel 1987-ci ildə Bakı şəhərində anadan olub
2009-cu ildə Amerika Birləşmiş Ştatlarının Men ştatında fəaliyyət göstərən Beyts Kollecini (Bates College) rejissor ixtisası üzrə bitirib.
Əmək fəaliyyətinə ABŞ-ın Nyu-York Ştatında fəaliyyət göstərən "Vice Media" şirkətində montaj rejissoru olaraq başlayan Rüfət Həsənov Rusiyanın Moskva şəhərində yerləşən "Vita Aktiva" Kommunikasiya İnstitutunda post-prodakşn meneceri kimi fəaliyyətini davam etdirib.
2013-2017-ci illərdə R.Həsənov Litvanın Vilnüs şəhərində yerləşən "Lupa Q" prodakşn şirkətində rejissor və Rusiyanın Moskva şəhərində yerləşən "Lemon Films" studiyasında montaj rejissoru kimi işləyib.
2017-ci ildən Cəfər Cabbarlı adına "Azərbaycanfilm" Kinostudiyasının rejissoru kimi fəaliyyətini davam etdirən Rüfət Həsənov son təyinatadək "Debüt" studiyasının direktoru vəzifəsində çalışıb. 2013-cü ildə çəkdiyi "Buqələmun"( Elvin Adıgözəl ilə birgə) tammetrajli bədii filmi Beynəlxalq Lokarno festifalının proqramına daxil olub. "Force Majeure", "Yoxdur belə söhbət", "Kədərim", "Daxildəki ada" və s. kimi filmlərinin quruluşçu rejissorudur.
Onu da qeyd edək ki, Rüfət Həsənovun "Daxildəki ada" filmi 26-cı Sarayevo Film Festivalında qalib olub. Film "Ən yaxşı rejissor" nominasiyasında "Sarayevonun ürəyi" mükafatına layiq görülüb.
2020-ci ilin avqust ayında Mədəniyyət Nazirliyinin Kinematoqrafiya şöbəsinin müdiri vəzifəsinə təyin edilmişdi.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.