RUSİYA

Oreşkin: "OPEC +" ölkələri gələcəkdə neftin yüksək qiymətləri ilə də hasilatı artıra bilər

Rusiya Federasiyası Prezidentinin köməkçisi bildirib ki, Rusiyaya mal və xidmətlərin idxalı ilin sonuna kimi bir qədər azalacaq, neft qiymətlərinin bərpası ilə əlaqədar ixrac isə xeyli artacaq.
Sputnik
BAKI, 11 sentyabr — Sputnik. "OPEC +" ölkələri gələcəkdə neftin cari və ya daha yüksək qiymətləri qorunduğu halında belə hasilatı artıra bilər.
Bunu Rusiya prezidentinin köməkçisi Maksim Oreşkin Şərq İqtisadi Forumu (ŞİF) çərçivəsində jurnalistlərə bildirib.

"Qlobal bazara nəzər salsanız görərsiniz ki, dünyada neft ehtiyatları çox ciddi şəkildə azalır. Bu o deməkdir ki, onlar indiki səviyyədən azalmaqdansa, daha da artacaqlar. Buna görə də qiymətlər sabitdirlər", - deyə Oreşkin neftin qiymətinin nə dərəcədə sabit olması ilə bağlı sualı cavablandırıb.

Rusiya prezidentinin köməkçisi onu da bildirib ki, ilin sonunadək Rusiyaya mal və xidmətlərin idxalı bir qədər azalacaq, neft qiymətlərinin bərpası ilə əlaqədar ixrac isə xeyli artacaq.

"Əgər irəliyə baxsaq, açıq-aydın, cari əməliyyatlar hesabı indi bərpa olunur, ilin sonuna mal və xidmətlərin idxalı bir qədər azalacaq, ixrac isə xeyli artacaq, çünki neftin qiyməti bərpa olunub, nəzərəçarpacaq dərəcədə bərpa olunub, biz bir barrel üçün 50-55 dollara endik, indi bu, Rusiya ixrac nefti üzrə bir barrel üçün 70-75 dollardır", - deyə o qeyd edib.

Oreşkin əlavə edib ki, Nazirlər Kabineti və Mərkəzi Bank kapital axınının məhdudlaşdırılması üzrə tədbirlər üzərində işləyir və qərarların bir hissəsi artıq qəbul edilir.
Oreşkinin fikrincə, ortamüddətli perspektivdə rublun məzənnəsi daha sabit olacaq.
VIII Şərq İqtisadi Forumu sentyabrın 10-13-də Vladivostokda keçiriləcək. Onun şüarı isə "Əməkdaşlığa, sülhə və firavanlığa doğru yol"dur. Tədbirin təşkilatçısı Roskonqres Fondudur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.