AZƏRBAYCAN XƏBƏRLƏRİ

Duz tunellərində yataraq sağalmaq: Naxçıvanın duz dağı ağciyərlərin dostudur - VİDEO+FOTO

Azərbaycanda hansısa dərman və iynə istifadə etmədən, sadəcə yatmaqla min bir dərdə şəfa tapmağın mümkün olduğu yer.
Sputnik
BAKI, 11 sentyabr — Sputnik. Azərbaycanda hər hansı tibbi müdaxilədən, dərmandan istifadə etmədən çox sayda xəstəliklərdən müalicə olunmağın mümkün olduğu unikal bir məkan var. Söhbət qədim zamanlardan bəri hamının şəfa ocağı kimi tanıdığı Naxçıvanın duz mədənlərindən gedir. Əsrlərdir müxtəlif xəstəliklərdən əziyyət çəkən insanlar şəfa tapmaq üçün məhz Naxçıvanın duz dağlarına üz tuturlar.
Naxçıvanın Kəngərli rayonu ərazisində 1979-cu ildə fəaliyyətə başlayan Duzdağ Fizioterapiya Mərkəzi fəaliyyət göstərir. Yolumuz həmin mərkəzədir.
Duzlu divarlar, duzu tavan...
Yod qoxusu ətrafı bürüyüb. Çöldə temperaturun 45 dərəcə olmasına baxmayaraq, içəridə temperatur çox aşağıdır. Bu səbəbdən də Duzdağ Fizioterapiya Mərkəzində kondisionerə, əlavə havalandırmaya ehtiyac yoxdur. İçəridə həddindən artıq münbit hava şəraiti var. Ayağımızı qoyduğumuz döşəmə, tavan, ətrafdakı dörd divar duzdan ibarətdir. 340 metrlik tuneldən ibarət olan mərkəzdə 1979-cu ildə 40, hazırda isə 450-dək çarpayı var. Bura həm dövlət xətti ilə, həm də VİP xidmətdən yararlanaraq müalicə almaq mümkündür.
Şəfa tapmaq diləyi ilə yolunu Naxçıvandan, Kəngərli rayonu ərazisindən salanlar günü 15-35 manat arası vəsait ödəməklə təxminən yeddi, on gün burada qalaraq dərdlərinə dərman tapır, müalicə alaraq geri qayıdırlar. Azərbaycanın müxtəlif bölgələrindən, dünyanın fərqli-fərqli ölkələrindən insanlar müalicə üçün tək, ailəvi, qrup şəklində bura axın edirlər.
Bura xüsusən də astma-bronxit, allergiya xəstələrinin ən çox axın etdiyi mərkəzə çevrilib. Hər il təxminən 4 mindən artıq şəxs müalicə olunmaq üçün mərkəzə üz tutur.
Duzdağ müalicə mərkəzi
Naxçıvan duz mədəni və onun tarixçəsi nədən ibarətdir?
Naxçıvanın bir sıra əraziləri, həmçinin Kəngərli rayonu ərazisi duz təpələri ilə doludur. Bu təpələrdə həm xörək, həm daş duz, həm də müalicəvi əhəmiyyətli duz istehsal olunur.
Beş min illik tarixi olan Naxçıvan şəhər mədəniyyətinin formalaşmasında duz mədənçiliyinin böyük rolu olub. Belə ki, Naxçıvan ərazisində hələ Eneolit dövründən başlayaraq duz mədənçiliyinin əsası qoyulub.
Duzdağ müalicə mərkəzi
Xanlıqlar və SSRİ dövründə də Naxçıvan duzu əhəmiyyətli rola malik olub
Naxçıvan xanlığının Rusiyanın tərkibinə qatılmasından sonra duzun illik istehsal gücü 120 min puda çatmışdı. Naxçıvan çar Rusiyasının tərkibinə daxil olandan sonra çar hökuməti əsas diqqəti duz mədənlərindən əldə edilən gəlirin artırılmasına yönəldib. Duz mədənlərindən əldə edilən illik gəlir durmadan artıb.
1833-cü ildə rus tədqiqatçısı Qriqoryev tərəfindən tərtib edilmiş “Naxçıvan əyalətinin statistik təsviri” kitabında Naxçıvan duzu barədə yazılır:
“Bu duz keyfiyyətinə görə bütün Zaqafqaziyada məşhurdur. Qarabağdan, Yelizavetpol dairəsindən, Şərurdan və Naxçıvanın bütün kəndlərindən bura karvanlar gəlir. Aprel ayından oktyabr ayınadək duz istehsalının əhatə dairəsi daha da genişlənir”.
Digər bir tarixi sənəddə - Qafqaz Dağ İdarəsinin 1889-1907-ci illər üzrə hesabatında isə Naxçıvan mədənində ildə 3 min tona yaxın duz çıxarıldığı qeyd olunur.
Naxçıvan Duz İstehsalı MMC
Naxçıvan duzunun müalicəvi təsirinə inananlar bəzən gecə lampaları şəklinə salınmış daş duzları yataq otaqlarında saxlayırlar. Xüsusilə zob və digər nəfəs yolları xəstəliklərindən əziyyət çəkənlər lampanın verdiyi istilik nəticəsində duzun tərkibindəki yodun ayrılması ilə rahat nəfəs ala, şəfa tapa bilirlər.
Naxçıvanda nə qədər duz istehsal edilir?
1911-1913-cü illərdə Naxçıvanda duz istehsalı özünün ən yüksək səviyyəsinə çatıb. Təxmini hesablamalara görə, hələ o dövrdə duz mədənlərindən ildə 600-800 min pud duz istehsal edilsə də, duza olan tələbatı tam ödəmək mümkün olmayıb. Təkcə 1912-ci ildə Naxçıvanda fəaliyyət göstərən duz mədənlərində istehsal edilən 9 min ton duz Cənubi Qafqazın duza olan tələbatından 4,2 dəfə az idi.
1917-ci ildə Duzdağda əsaslı istismar işlərinə başlanılıb. 1927-ci ildə isə sənaye üsulu ilə ilk duzun çıxarılmasına start verilib.
Naxçıvan Duz İstehsalı MMC
“Naxçıvan Duz İstehsalı” Məhdud Məsuliyyətli Cəmiyyətinin məlumatına görə, daxili bazarı keyfiyyətli məhsullarla təmin edən müəssisə ötən il 5290,1 ton daş duz və 3327,957 ton üyüdülmüş duz istehsal edib. Müəssisə tərəfindən 862,8 ton daş duz və 3295,68 ton üyüdülmüş duz satılıb.
2023-cü ilin 8 ayı ərzində isə 3386,1 ton daş duz və 1919,1 ton üyüdülmüş duz istehsal edilib, 561,3 ton daş duz və 1990,115 ton üyüdülmüş duz satılıb.
Qeyd edək ki, Naxçıvan duzunun ölkəmizin digər regionlarında da satışı təmin edilir. Zəngəzur dəhlizinin açılması ilə Naxçıvan duzu dəmiryolu vasitəsilə ölkə və dünya bazarına rahatlıqla çıxarıla biləcək.