CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycandakı kənd qonaq evləri hotelləri "yeyə bilərlər" - VİDEO

Turistləri evində qonaq edən Yuxarı Tala sakini deyir ki, cari ildə yağışlar bir qədər çox olduğu üçün sezon ay yarım gec başlayıb. Amma müştəri sayı həddindən artıq çox olub.
Sputnik
BAKI, 11 sentyabr — Sputnik. Dövlət Turizm Agentliyinin tərkibində regional idarələr yaradılıb. Kənd qonaq evlərinin bazaları da bu regional idarələrin verdiyi məlumatlar əsasında yenilənəcək. Regional idarələrdə hər şey yenidən qurulur deyə təəssüf ki, əlimizdə bu qonaq evlərində məskunlaşma ilə bağlı rəqəmlər yoxdur. Ümumi olaraq qeyd edə bilərik ki, pandemiyadan sonra bu cür evlərə maraq artıb. Evini qonaq evi kimi turistlərə vermək istəyən şəxslərin də sayı getdikcə çoxalır.
Bu barədə Dövlət Turizm Agentliyindən Sputnik Azərbaycan-ın turistik istiqamətli kənd evləri ilə bağlı sorğusuna cavab olaraq bildirilib.
Agentlikdən verilən məlumatda qeyd olunub ki, kənd qonaq evlərinin onlayn rezarvasiya sisteminin də yaradılması planlaşdırılır. Bu sistem hazır olduqdan sonra kənd qonaq evləri haqda daha dolğun məlumat əldə etmək mümkün olacaq.
Turizm üzrə ekspert Ruslan Quliyev Sputnik Azərbaycan-a bildirib ki, pandemiyadan sonrakı dövrdə qonaq evlərinə maraq geniş vüsət alıb:
"Azərbaycanda yayda qonaq evləri, kirayə evlərlə bağlı böyük ajiotaj müşahidə edilir. İlk baxışda bu cür evlər turizmdə alternativ məhsul kimi özünü biruzə verir. Ümumiyyətlə, uzunmüddətli səyahətlərə üstünlük verənlər əsasən qonaq evlərinə maraq göstərirlər. Proqram və turla səyahət edənlər isə qalmaq üçün hotelləri seçirlər".
Turizm üzrə digər ekspert Ceyhun Aşurov isə Sputnik Azərbaycan-a bildirib ki, son zamanlar Azərbaycanda evlərdə yerləşmə və internet portallarında bu cür evlərlə bağlı elanlarda aktivlik müşahidə olunur:
"Ailə şəklində, kiçik qruplarla səyahət etdikdə hoteldə qalmaq xərcləri artır. Burada iqtisadi faktor əsasdır. Evlərdə qalanda qiymət daha sərfəli olur. Bu səbəbdən də bazarda kənd evləri, qonaq evlərinin sayı artıb. İcmalarla, onların adət-ənənələri, qidaları, milli mətbəxləri ilə daha yaxından tanış olmaq üçün turistlər evlərdə qalırlar. Ümumiyyətlə, hotellər qiymətləri qaldırdıqca, bu cür alternativlərin sayı artır".
Ekspert əlavə edib ki, ümumiyyətlə, turizmin inkişaf etdiyi yerlərdə kirayə təkliflərinin və onlara tələbatın artdığı müşahidə olunur.
Onun sözlərinə görə, Dövlət Turizm Agentliyi ilə KOBİA-nın birgə layihəsi çərçivəsində də kənd evlərinin sayının artırılması, evlərini turistlərə verənlər üçün müəyyən güzəştlər nəzərdə tutulur.
Qeyd edək ki, 2023-cü ildə dünyada turizm sektorunda ciddi dəyişikliklər baş verib. Turistlər gecələmək üçün hotellərdən daha çox evlərə üstünlük veriblər. Belə ki, turizmin inkişaf etdiyi ölkələrdən biri olan Türkiyədə 2023-cü ildə turistlərin gecələmələri 2019-cu ilə nisbətən 32 milyon artıb. Bu artımın böyük hissəsi evlərdə baş tutub.
Yuxarı Tala kənd sakini, qonaq evi və arıçılıq təsərrüfatı ilə turistləri qarşılayan Vüsal Hüseynov
Gələn turistlərin ümumilikdə 217 milyonu bu ölkədə gecələyib. 2023-cü ildə də kirayə evlərdə gecələmələrin sayında artım olub. Evlərlə müqayisədə hotellərdə gecələmə sayında ciddi artım olmayıb.
Zaqatala rayonu, Yuxarı Tala kənd sakini Vüsal Hüseynov evinin ikinci mərtəbəsini - 70 kv-lıq hissəni qonaq evi kimi günü 30-40 manata kirayəyə verir: "Cari ildə yağışlar bir qədər çox olduğu üçün sezon ay yarım gec başlayıb. Amma müştəri sayı həddindən artıq çox olub.
"Gələn turistləri sahələrimiz, fındıq bağlarımızla da tanış edirik. Bu da bizim evimizə girən qazancı bir qədər də artırır" - V.Hüseynov deyib.
Yuxarı Tala kənd sakini, qonaq evi və arıçılıq təsərrüfatı ilə turistləri qarşılayan Vüsal Hüseynov
V.Hüseynovun sözlərinə görə, ötən illərdə gələn turistlər ya yenidən gəlir, ya da öz dost-tanışlarını onlara yönləndirirlər.
"Belə müştərilərimiz çox olduğundan, əlavə reklam vermirik. Elə olur ki, keçmiş müştərimiz öz dost-tanışını göndərir, amma evdə yerləşdirmək üçün yer olmadığından, biz onlara hotel axtarırıq. Ümumiyyətlə, bura gələn turistlər öncə evlərlə, yer olmadıqda hotellərlə maraqlanırlar", - deyə o əlavə edib.
Ümumiyyətlə ekspertlər hesab edirlər ki, Azərbaycanın bölgələrində hotellərin qiymətləri qonaq evləri ilə müqayisədə çox bahadır. Xidmətlər isə heç də üstünlüyü ilə fərqlənmir. Odur ki, hotellər qiymət siyasətinə yenidən baxmasalar və xidmətin keyfiyyətini qaldırmasalar, yaxın illərdə kənd qonaq evləri ilə rəqabətdə ciddi şəkildə uduzacaqlar.