DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Koronovirusun yeni ştammı indi də qocalar evində aşkarlandı

Xəstələrin vəziyyətinin yaxşı olduğu, qocalar evində hələlik epidemiyadan ölüm olmadığı bildirilib.
Sputnik
BAKI, 10 sentyabr - Sputnik. Koronavirus epidemiyasının ən yeni variantı kimi tanınan Pirola variantı qocalar evində peyda olub. Sputnik Azərbaycan-ın türk mətbuatına istinadən xəbərinə görə, dünyada milyonlarla insanın ölümünə səbəb olan koronavirus epidemiyası yeni variantlarla təsirini artırmağa davam edir. Belə ki, İngiltərədə qocalar evində yaşlı insanlarda koronavirus aşkarlanıb.
Səlahiyyətlilər COVİD-19 üçün müsbət test edən insanlarda Pirola variantının olduğunu açıqlasa da, bunun qocalar evində yayıldığını və yoluxma sayının 33 olduğunu deyiblər. Rəsmilər həmçinin bildiriblər ki, 33 şəxsdən 28-i Pirola variantına yoluxub.
Britaniya Xalq Sağlamlığı Agentliyi də hadisənin Norfolkdakı qocalar evində baş verdiyini və tədbir gördüyünü açıqlayıb. Xəstələrin vəziyyətinin yaxşı olduğu, qocalar evində hələlik epidemiyadan ölüm olmadığı bildirilib.
Bildirilib ki, elmi olaraq BA.2.86 kimi tanınan Pirola variantı 22 qocada və 6 nəfər qocalar evində çalışan işçidə aşkar edilib. Qalan beş nəfərdə köhnə tipli variantın aşkar edildiyi açıqlanıb.