BAKI, 10 sentyabr - Sputnik. Hərbi qulluqçumuzun minaya düşməsi ilə bağlı cinayət işi açılıb.
Bu barədə "Report"a Hərbi prokurorun böyük köməkçisi - Hərbi Prokurorluğun mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev məlumat verib.
Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu Eminov Xəyyam Mahal oğlunun piyada əleyhina minanın partlaması nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alması barədə Ağdam hərbi prokurorluğuna məlumat daxil olub.
Daxil olmuş məlumat əsasında Ağdam hərbi prokurorluğunun işçiləri tərəfindən izahatlar alınıb, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin əməkdaşları ilə birlikdə təxirəsalınmaz ilkin prosessual yoxlama hərəkətləri icra edilib.
Fakt üzrə Ağdam hərbi prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.12-ci (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilib, müvafiq ekspertizalar təyin edilib və digər zəruri istintaq hərəkətləri həyata keçirilib.
Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaq.