BAKI, 10 sentyabr - Sputnik. Paytaxtda şagird sıxlığının olduğu məktəblər açıqlanıb. Sputnik Azərbaycan-ın sorğusuna Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, qurumun tabeliyindəki ümumi təhsil müəssisələrindən şagird sıxlığı müsbət demoqrafik göstəricilərə görə ətraf qəsəblərdə (22, 26, 28, 81,192, 218, 149, 313, 182, 117, 136, 274, 288, 179, 205, 317, 172 və 326 nömrəli) və şəhərin mərkəzi hissəsində yerləşən müəyyən nailiyyətlərinə görə valideynlərin üstünlük verdikləri ümumi təhsil məktəblərində (Məktəb Lisey Kompleksi, 32,167, 72, 83, 74, 212, 245, 139, 211, 247, 240, 20, 220 və 299 nömrəli) müşahidə edilir.
Qurumdan o da bildirilib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 22 iyun tarixli 212 nömrəli qərarı ilə dövlət ümumi təhsil müəssisəsində siniflər üzrə şagird sıxlığı ilə bağlı müəyyən normalar təsdiq edilmişdir. Həmin qərarda dövlət ümumi təhsil müəssisəsində siniflər üzrə şagird sıxlığı normaları öz əksini tapıb. Burada qeyd olunur ki, eyni bir sinifdə şagirdlərin sayı 30 nəfərdən çox olduqda və ya şagirdlərin bir sinifdə tədrisinə sinif otağının ölçüsü imkan vermədikdə, həmin sinif üzrə ikinci paralel sinif təşkil edilir.
Tədris ilinin birinci yarısında hər hansı bir səbəbdən sinifdə şagirdlərin sayı 3 nəfərdən çox azaldıqda və ya artdıqda, sinif bu normalarla müəyyən edilmiş say həddində birləşdirilir və ya paralel sinif təşkil edilir. Tam orta təhsil səviyyəsində təmayül siniflər 15 nəfərdən az və 20 nəfərdən çox olmamaqla təşkil edilir. Eyni təmayül sinfində şagirdlərin sayı 20 nəfərdən çox olduqda paralel siniflər təşkil edilir.