BAKI, 9 sentyabr — Sputnik. 9 Sentyabr Beynəlxalq Gözəllik Günü kimi qeyd olunur. 1995-ci ildən başlayaraq hər il sentyabrın 9-da dünyada insanlara estetik və mənəvi zövq verən nə varsa xüsusi diqqət obyektinə çevrilir. Məhz həmin gün bir sıra ölkələrdə və şəhərlərdə gözəllik müsabiqələri keçirilir.
Azərbaycanda da hər il gözəllik müsabiqələri təşkil olunur. Amma nədəsnsə hər dəfə müsabiqədən sonra yarışın qalibləri uzun müddət müzakirə olunur. Məsələn, ötən il Bakıda keçirilən "Miss & Mister Azerbaijan -2022" müsabiqəsində bəylər arasında qalib İsa Ələkbərov, xanımlar arasında isə Nurlana Vəliyeva olub. Nurlana Vəliyevanın bəzi kosmetik müdaxilələr etdirməsi qınanıldı.
Bəs görəsən, qloballaşan dünyamızın gözəlləri hansı meyarlara cavab verməldir?
"Miss & Mister Azerbaijan" Milli gözəllik müsabiqəsinin baş koordinatoru və xoreoqrafı Ayla Maarifqızınısözlərinə görə, gözəllik müsabiqəsinin qaliblərinin tənqid atəşinə tutma ənənəsi hər il olur. Kim qalib olsa, onu tənqid edirlər. Bu tənqidlərin də əskəriyyəti qərəzlidir: "İndiki dönəmdə hər kəs plastik əməliyyat etdirir. Əməliyyat etdirməyənlər belə, kosmetoloji prosedurlar etdirirlər. "Gözəllik müsabiqəsinin qalibi tam təbii olmalıdır" fikri ötən əsrlərin meyarı idi. İndi müsabiqəyə müraicət edən insanın bədən ölçülərində cuzi problem varsa, ona estetik müdaxilə etməsinə icazə verilir".
Kişilər üçün meyarlara gəldikdə isə Ayla xanım bildirib ki, müsabiqədə iştirak üçün onların boyu ən azı 175 sm olmalıdıdır. Bundan əlavə qamətin düz olması, üz cizgiləri mülayim olmaldır.
Tanınmış modelyer-dizayner Gülnarə Xəlilova isə bildirir ki, ölkədə vahid,prestijli bir müsabiqənin təşkili yaxşı olardı:
Onun sözlərinə görə, "Mr", "Mrs", "Top model" adı altında tez-tez gözəllik müsabiqələrinin həyata keçirildiyinin şahidi oluruq: " Onu qeyd edim ki, gözəllik müsabiqələrində çox ehtiyyatlı və diqqətli olmaq lazımdır. Çünki gözəllikdən söhbət gedirsə, bir xanımın həm xarici görünüşü, həm bacarıqları, eyni zamanada, dünyagörüşü əsas götürülməlidir. Gözəllik dedikdə, yalnız sima nəzərdə tutulmur. Əvvəllər də gözəllik müsabiqələri təşkil edildikdə xanımın xarici görünüşü ilə bərabər, daxili aləmi, bacarıqları nəzərə alınırdı. Hazırda təşkil olunan müsabiqələrin nəticələri insanlarda şok effekti yaradır. Sosial şəbəkələrdə dəfələrlə qalib iştirakçının şəklini paylaşaraq, mənfi rəylərin yazıldığının şahidi oluruq. Bu da xoşagələn hal deyil. Düşünürəm ki, bu qədər sayca çox və hərtərəfli xüsusiyyətləri nəzərə almadan gözəllər seçməkdənsə, daha düzgün təşkil olunmuş müsabiqə keçirilsin və sadaladığım xüsusiyyətlər nəzərə alınsın".
Tanınmış jurnalist Nadir Şəfiyev bildirir ki, gözəllik meyarları qədim dövrlərdən müəyyənləşdirilib. Qədim yunan heykəllərinə baxanda gözəllik meyarlarının əslində bütün dönəmlərdə bir olduğu müəyyən olunur: "Bu, həm kişilərə, həm də qadınlara aiddir. Enli kürək, əzələləri güclü olan, hündürboy, üz cizgilərində qüsur yoxdursa, bu kişilər hər dövrdə yaraşıqlı hesab olunub. Qadınlarda da hündür boy (175-ə qədər), 90-60-90 bədən ölçüləri, gözəl gözlər, kobud olmayan üz cizgiləri gözəllik meyarı hesab olunub".
Müsahibimiz bildirir ki, ötən əsrin ortalarında Azərbaycanda belə bir fikir formalaşmışdı ki, "qadın əndamlı olar". Bunun həm tibbi, həm də zövq baxımından izahı var: "Tibbi cəhətdən deyirdilər ki, beldən aşağı hissəsi böyük olan xanımlar rahat uşaq dünyaya gətirə bilirlər. Hər dövrdə avanqard üslublu insanlar olub. Həmin insanları həmişə cəmiyyətdə sıxışdırıblar. Məsələn, ötən əsrin 60-70-ci illərində "Beatles" qrupunun məşhur olduğu dönəmlərdə o dövrün gəncləri özlərini onlara bənzədirdirlər. O dönəmlərdə oğlanlar enli kürək olmağı deyil, uzun saçlı, beli nazik olmağı üstün tuturdular. Məsələn, mən həmin dönəmlərdə məktəbli idim, uzun saçlarım var idi. Ona görə məni məktəbdən də qovmuşdular. Atam deyirdi sənə görə utanıram. Mən düşünürdüm ki, atam geridə qalıb. Mən gənc olanda evdə məşq edirdim, anam deyirdi "özünə kənardan baxmısan, vəhşiyə oxşayırsan"".
N. Şəfiyev deyir ki, əvvəllər gözəllik müsabiqələri çox keçirilmirdi, ildə bir dəfə olurdu, 1 il ərzində bütün dünya onları tanıyırdı və həmin xanım gözəllik etalonu hesab olunurdu: "İndi gözəllik müsabiqələrininin sayını artırıblar, şouya çeviriblər. Ona görə də həmin insanlar heç kimə maraqlı gəlmirlər".
Müsahibimiz gözəlliyi musiqiyə bənzədir: "Gözəllik də musiqi kimidir, deyə bilərik. Məsələn, 90-cı illərdə dəbdə olan "Kəmər belimi kəsdi" mahnısını indi heç kəs dinləmir. Amma o zamanlar hər tində o mahnı səslənirdi. İndi əksər qadınlar müxtəlif nahiyələrinə dolğular edirlər. Müəyyən müddətdən sonra bu da dəbdən düşəcək. Dəbdən düşəndə bədənlərinə etdikləri süni müdaxilələr eybəcər bir şəkil alacaq. Mənim 27 yaşım olanda məndən yaşca az olan uşaqlar dərmanlarla bədənlərini şişirtdilər. Həmin gənclər o vaxt mənə də təklif edirdilər, imtina etdim. İllər sonra həmin insanları gördüm, onların dəriləri çox pis vəziyyətdə idi. Təbii gözəllik həmişə dəbdə olacaq. Necə ki, klassik musiqlər həmişə dinlənilir".
Qeyd edək ki, dünyada ilk "Gözəllik yarışması" üç ilahənin – Hera, Afrodita və Afinanın mifik rəqabəti əsasında təşkil olunub. Həmin ilahələr münsif qismində isə adi insan olan Parisi seçiblər. Paris əsas mükafat olan almanı və ən gözəl xanım adını Afroditaya verib. Hazırda dünyada 4 əsas gözəllik müsabiqəsi mövcuddur: Dünya gözəli, Kainat gözəli, Miss İnternational və Yer kürəsinin gözəli.
İlk kainat gözəli titulunu finlandiyalı Armi Kuusela qazanıb. Lakin çox maraqlı faktlardan biri də odur ki, 1952-ci ailə həyatı quran Armi həmin tacdan imtina edərək, öz pərəstişkarlarını çox təəccübləndirmişdi.
Gözəllik yarışmasında iştirak edən xanımlar mütləq orada tətbiq olunan qaydalara uyğun olaraq seçilirlər. Əsasən qaliblə seçilmək üçün boy, bədən proporsiyaları və s. gözəllik standartları əsas götürülür. Bundan başqa bir çox beynəlxalq yarışmalarda tələblərdən biri müsabiqə iştirakçısının ailə qurmaması və uşaq dünyaya gətirmiş olmamasıdır. Həmçinin iştirakçılar mütləq savadlı və mədəni olmalıdır.
Müsəlman ölkəsi hesab olunan İndoneziyada da gözəllik yarışması keçirilir. Burada meyarlar başqadır. Qızlar səhnəyə hicabda çıxır, müsif heyətində isə əsasən uşaqlar əyləşir. Burada yarışma müsəlman qadınının zərifliyini və gözəlliyini vurğulamaq üçün keçirilsə də, qızlardan mərhəmətli qəlbə sahib olmaq, Qurani-Kərimdən parçalar söyləmək, dini baxımdan qadınlara nəyə icazə verilməsi və ya qadağa qoyulması haqda bilgilərə sahib olmaq tələb olunur. Qalib olan xanıma tac və Quran hədiyyə olunur.
"Kainat gözəli"nin qalibinin bir sıra öhdəlikləri var: "Kainat gözəli" seçilmiş xanım dünyanı səyahət etməli, Nyu- Yorkda yaşamalı və ərə getməməlidir. Həmçinin bu titulu daşıyan xanım müxtəlif tədbirlər hazırlayaraq QİÇS-lə və süd vəzi xərçəngi ilə mübarizə aparan insanlara dəstək olmalıdır.
Gözəllik müsabiqələri ilə bağlı maraqlı faktlardan biri də odur ki, 2012-ci ildə bu tip yarışmalarda transseksuallar iştirak edə bilməzdi, lakin həmin ildən sonra qadağa ləğv olundu.
Venesuaelada gözəllik kraliçası yetişdirən xüsusi akademiyalar var. Bu sahəyə maraq o qədər çoxdur ki, insanlar qızlarını bura göndərirlər. Həmin akademiyaların mənfi tərəfi odur ki, burada 18 yaşına çatmayan qızlar müxtəlif kosmetik prosedurlardan və boy uzatmaq üçün hormonal terapiyalardan keçməlidirlər. Bəzən qızların boğazlarına artıq qida qəbul etməsin deyə xüsusi torlar tikirlər. Bikinidə podiuma çıxan qızlar onun üzərlərindən sürüşməməsi üçün xüsusi yapışqanlı lentlərdən istifadə edirlər.
"Kainat gözəli" üçün hazırlanan ilk tac 1500-dən artıq brilyantla bəzədilib və yarım milyon dollara sığorta olunmuşdur. Qeyd edək ki, bu tac yalnız bir nüsxədə xüsusi sifarişlə hazırlanıb və hər il keçmiş gözəlin əlindən yeni qalibə təqdim olunur.