BAKI, 8 sentyabr — Sputnik. 2023-cü ilin hazırlıq planına əsasən, "N" hərbi hissəsində ehtiyatdan çağırılan bir qrup hərbi vəzifəlilərin iştirakı ilə keçirilən təlim toplanışı başa çatıb.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.
Toplanış müddətində hərbi vəzifəlilərlə döyüş hazırlığı üzrə məşğələlər keçirilib, onlara silah və texnikanın taktiki-texniki xüsusiyyətləri, eləcə də düzgün istifadə qaydaları öyrədilib.
Həmçinin hərbi vəzifəlilərin mənəvi-psixoloji vəziyyətləri yoxlanılıb, onlarla milli-mənəvi dəyərlərə sadiqlik, dövlətçilik və vətənpərvərlik ruhunda maarifləndirici söhbətlər aparılıb.
Təlim toplanışı başa çatdıqdan sonra hərbi vəzifəlilər aidiyyəti dövlət qurumunun nümayəndələrinin müşayiəti ilə yaşayış yerlərinə yola salınıblar.
Kursantlarla praktiki məşğələlər keçirilib
Xatırladaq ki, bundan öncə 2023-cü ilin tədris planı və proqramına uyğun olaraq Heydər Əliyev adına Hərbi İnstitutun kursantları ilə praktiki məşğələlər keçirilib.
Əvvəlcə kursantlar simulyasiya trenajorunda dəqiq nişanalma qaydalarını məşq ediblər.
Atəş şəhərciyində təhlükəsizlik qaydaları və atışın şərtləri çatdırıldıqdan sonra müxtəlif normativlər icra olunub.
Hərbi institutun kursantları silahların döyüşə hazır vəziyyətinə gətirilməsi və şərti düşmən hədəflərinin aşkarlanaraq atəşlə məhv edilməsi üzrə tapşırıqları müvəffəqiyyətlə yerinə yetiriblər.
Məşğələlərin keçirilməsində əsas diqqət kursantların silahlardan istifadə bacarıqlarının artırılmasına, eləcə də praktiki və döyüş vərdişlərinin təkmilləşdirilməsinə yönəldilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.