BAKI, 8 sentyabr — Sputnik. Avrasiya regionu iqtisadi artım baxımından ən cəlbedici regionlardan birinə çevrilir. Bunu Sputnik Azərbaycan-a müsahibəsində "Odlar Yurdu" Universitetinin "İqtisadiyyat və iqtisadi münasibətlər" kafedrasının müdiri Elşad Məmmədov deyib.
Ekspert əminliklə bildirib ki, Azərbaycan üçün Avrasiya İqtisadi İttifaqına (Aİİ) iqtisadi inteqrasiya son dərəcə məqsədəuyğundur. Üstəlik, bu inteqrasiyanın yüksək texnoloji xarakter daşıması vacibdir.
Məmmədov hesab edir ki, Bakı təşkilatla əməkdaşlıqdan böyük dividendlər əldə edə bilər.
"Etiraf edirəm ki, Bakı hansısa mərhələdə müşahidəçi statusuna malik ola bilər. Lakin daha uzunmüddətli perspektivdən danışsaq, Aİİ-də tam iştirak əmək bazarına dividendlər, təşkilat ölkələrinin maliyyə və əmtəə bazarlarına çıxış və daha çox şey verə bilər", - deyə iqtisadçı bildirib.
Avrasiya İqtisadi İttifaqı (Aİİ) 2014-cü ildə Rusiya, Belarus və Qazaxıstanın iştirakı ilə yaradılıb. 2015-ci ildə Ermənistan və Qırğızıstan da İttifaqa daxil olub.
Aİİ vahid ticarət bazarı ilə inteqrasiya birliyidir, onun çərçivəsində İttifaqın üzvü olan ölkələr güzəştli şərtlərlə rüsumsuz ticarət həyata keçirə bilərlər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.