BAKI, 7 sentyabr — Sputnik. Bu il ərzində Kəlbəcər rayonunda yaşayış məntəqələrinin əraziləri üzrə ümumilikdə 1105,19 ha ərazinin təmizlənməsi nəzərdə tutulub. Bunu Şəhərsalma İşçi Qrupunun iclasında Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin birinci müavini Namiq Hümmətov Kəlbəcərdə keçirilən Şəhərsalma İşçi Qrupunun iclası çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, cari ilin 8 ayında rayon üzrə 653,46 ha (59,1 %) ərazinin minalardan təmizlənməsi həyata keçirilib.
N. Hümmətov qeyd edib ki, yaşayış məntəqələrinin minalardan təmizlənməsi istiqamətində 2022-ci ildə 983,71 ha ərazi minalardan təmizlənib.
O əlavə edib ki, işğaldan azad edilmiş ərazilərdə şəhərsalma fəaliyyəti sahəsində Azərbaycan Prezidentinin 18.03.2021-ci il tarixli 1304 nömrəli Fərmanına əsasən həmin dövrdən hazırkı dövrədək bütövlükdə Kəlbəcər rayonunda 40 tikinti obyekti üzrə 400 ha torpaq sahəsinin müvafiq sifarişçi qurumlara ayrılması Komitə tərəfindən təmin edilib: "Bərpa olunan yaşayış məntəqələrinin küçə-yol şəbəkəsinin qurulması istiqamətində Kəlbəcər şəhərində ümumi uzunluğu 27,08 km olan yol-küçə şəbəkəsinin 18,87 km-lik hissəsi üzrə layihələndirilmə işləri davam edir və qısa müddətdə ekspertizaya təqdim ediləcək".
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin birinci müavini bildirib ki, ölkə rəhbəri tərəfindən 3 kəndin, Kəlbəcər şəhərində ilk yaşayış məhəlləsinin, orta məktəbin, İşğal və Zəfər muzeylərinin də təməli qoyulub. Əlavə olaraq bildirib ki, Dövlət Şəhərsalma Arxitekturası tərəfindən İstisu qəsəbəsinin və əlavə 7 kəndin də ərazi planlaşdırma sənədlərinin hazırlanmasına başlanılıb. 2024-cü ildə 4 kəndin də ərazi planlaşdırma sənədlərinin hazırlanmasına başlanılacaq. Ümumilikdə 2026-cı ilədək 15 yaşayış məntəqəsi - bir şəhər, bir qəsəbə və 13 kənd olmaqla - bərpası, həmçinin 3500 mənzilin tikintisi nəzərdə tutulub. Bunun 1500-ü Kəlbəcər şəhərində, 2000-i isə digər ərazilərdə tikiləcək. Gələn ildən başlayaraq, 2026-cı ilə qədər Kəlbəcər şəhərinə 5000-dən çox əhali, digər ərazilərə isə 8000-ə qədər əhalinin köçürülməsi nəzərdə tutulub.