TƏHSİL

Nazir bu il məktəbə nə qədər şagirdin gedəcəyini açıqladı

Nazir qeyd edib ki, 2026-2027-ci tədris ilində ali təhsil müəssisələrinə 75 min tələbənin qəbulu nəzərdə tutulur.
Sputnik
BAKI, 6 sentyabr — Sputnik. 2023-2024 tədris ili üzrə təhsilalan və işçi heyətinin sayı açıqlanıb. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ili ilə bağlı media üçün keçirilən brifinq zamanı deyib.
Nazir qeyd edib ki, təhsilalanlar 2,1 milyon nəfər, işçi heyət isə 300 min nəfər təşkil edəcək:

"Onlardan 220 mini məktəbəqədər təhsil, 1,6 milyonu ümumtəhsil, 33 mini peşə təhsili, 60 mini orta ixtisas təhsili, 220 mini isə ali təhsil müəssisələrində təhsil alan və çalışanlar olacaq".

E.Əmrullayev həmçinin deyib ki, Azərbaycanda 654 məktəbin ya təmirə ya da yenidən tikilməsinə ehtiyac var:

"Son illərdə qəzalı məktəblərin sayı 30 faizə qədər azalıb. Bu məktəblər arasında iri məktəblərin sayı azdır".

E.Əmrullayev həmçinin qeyd edib ki, 2026-2027-ci tədris ilində ali təhsil müəssisələrinə 75 min tələbənin qəbulu nəzərdə tutulur.
O bildirib ki, son 10 ildə ali təhsil müəssisələrinə tələbə qəbulu 40%-dən çox artıb:
"Dövlət sifarişli əsaslarla qəbul olan tələbələrin sayı 2 dəfədən çox artıb. Magistr səviyyəsi üzrə 2023-24-cü tədris ilində qəbul 13 485 nəfər olub ki, bu da 10 il əvvəl ilə müqayisədə 3 dəfə çoxdur. 2023-24-cü ildə tələbə köçürülməsi üzrə 4 316 müraciət daxil olub, 80%- i təsdiqlənib".