BAKI, 6 sentyabr — Sputnik. 2023-cü il üçün ikitərəfli hərbi əməkdaşlıq proqramına uyğun olaraq Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin bir qrup hərbi qulluqçusu Gürcüstana səfər edib.
Müdafiə Nazirliyindən bildiriblər ki, nümayəndə heyəti əvvəlcə Tbilisidəki Heydər Əliyev parkına gəlib, burada Ulu Öndərin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyaraq xatirəsini hörmət və ehtiramla anıb.
Sonra Qəhrəmanlar meydanındakı Gürcüstanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda həlak olmuş vətəndaşların xatirəsinə ucaldılmış memorial ziyarət olunub.
Səfər çərçivəsində Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin rəisi polkovnik-leytenant Elgün Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Gürcüstan Müdafiə Nazirliyinin Hərbi Polis Departamentinin rəisi polkovnik Kaxa Petriaşvili ilə görüşüb.
Görüşdə hərbi polis orqanlarının fəaliyyətinin təşkili, təhlükəsizlik, mövcud əməkdaşlığın inkişaf perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran bir sıra məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.
Azərbaycan və Gürcüstan Müdafiə nazirliklərinin nümayəndələri arasında görüş keçirilib
Xatırladaq ki, iyulun 17-də müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin Komandanı general-leytenant Ramiz Tahirov ölkəmizdə rəsmi səfərdə olan Gürcüstan Respublikası Müdafiə Qüvvələri komandanının müavini general-mayor Zaza Çxaidzenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
General-leytenant R.Tahirov qonaqları salamlayaraq onları ölkəmizdə görməkdən məmnun olduğunu bildirib. Azərbaycan ilə Gürcüstan arasında digər istiqamətlərdə olduğu kimi hərbi aviasiya və hava hücumundan müdafiə sahələrində də əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyəti xüsusi vurğulanıb. Qonaqlar, həmçinin Azərbaycan Ordusunda aparılan uğurlu islahatlar barədə məlumatlandırılıb.
Azərbaycana səfərindən məmnunluğunu ifadə edən general-mayor Z.Çxaidze öz növbəsində göstərilən diqqətə və yüksək qonaqpərvərliyə görə təşəkkürünü bildirib. Ölkələrimiz arasında əlaqələrin daha da inkişaf etdirilməsində bu cür görüşlərin əhəmiyyəti qeyd olunub.
Görüşdə, həmçinin regionda sülhün və təhlükəsizliyin təmin olunması, birgə hərbi əməkdaşlığın inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.