BAKI, 6 sentyabr — Sputnik. Son bir il ərzində məktəbəqədər təhsil müəssisələrinə mərkəzləşmiş qaydada işə qəbul çərçivəsində 241 nəfər işə götürülüb.
Sputnik Azərbaycan xəbər verir ki, bunu Elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ili ilə bağlı media üçün keçirilən brifinqdə deyib.
O bildirib ki, bundan sonra işə qəbul bu formada aparılacaq.
"İl ərzində 50 bağça müdiri işdən azad olunub" - deyə nazir qeyd edib.
E.Əmrullayevin sözlərinə görə, uşaq bağçalarında çalışanlar ilk mərhələdə diaqnostik qiymətləndirmədən keçiriləcək.
Nazir bildirib ki, ixtisası məktəbəqədər təhsillə bağlı olmayan şəxsin sonrakı fəaliyyəti istər-istəməz alınmayacaq. Ona görə də müəyyən formada məsələ həllini tapmalıdır:
"Ardıcıl mərhələdə sertifikasiya imtahanlarının keçirilməsi mümkün olacaq. 2024-cü ildə imtahanların keçirilməsi ilə bağlı qaydalar təsdiqlənməlidir. Bizim təhsilverəndən əsas istəyimiz düzgün tərbiyə və tədrisi verməsidir".
Emin Əmrullayev həmçinin qeyd edib ki, təhsildə güzəşt eləmək vətənə xəyanət etmək kimi bir şeydir. Təhsildə güzəşt elə də yaxşı söz deyil:
"Məktəbəqədər təhsil müəssisələrinin müəllimləri üçün sertifikatlaşdırmada hansısa güzəşt etmək doğru deyil. Biz başa düşməliyik ki, əgər adamın ixtisası məktəbəqədər təhsil deyilsə, deməli, həmin şəxsin faydası da olmayacaq".
Nazir sertifikasiya imtahanından kəsilən 743 müəllimin əmək müqaviləsinə xitam verilməsinə də münasibət bildirib:
"Bu gün ümumi təhsil səviyyəsində 700-dən çox müəllimin əmək müqaviləsinə xitam vermək bizim üçün də ağırdır. Amma başqa yol yoxdur".