BAKI, 6 sentyabr — Sputnik. "Azərbaycan bazarı və bu bazarın timsalında postsovet ölkələrin bazarları Türkiyə fintexləri üçün kifayət qədər maraq kəsb edəcək".
Bunu Azərbaycan Fintex Assosiasiyasının İdarə Heyətinin sədri Ruslan Talıbov Bakıda keçirilən Azərbaycan-Türkiyə Fintex Forumunda çıxışı zamanı deyib.
O bildirib ki, Azərbaycan bazarı Türkiyə fintexlərinə postsovet ölkələri bazarlarına çıxış təmin edəcək: "Eləcə də Azərbaycan fintexləri üçün Türkiyə bazarı xüsusi əhəmiyyət kəsb edir. Çünki hansısa regional və qlobal oyunçulara çevrilmək istəyən şirkətlər məhz bu formada, yəni Türkiyə bazarının təcrübəsindən istifadə edərək digər qlobal bazarlara açılmağa hazır olacaqlar".
R.Talıbov bu ilin birinci yarısında dünyada fintex sahəsində təqribən 52 milyard ABŞ dolları məbləğində investisiya qoyulduğunu deyib:
"Bu sahədə 2154 sövdələşmə baş tutub. Qlobal olaraq fintex sahəsinin inkişaf drayverləri daha çox dünyada baş verən əlaqəlilik (connectivity), datanın saxlanılmasının daha ucuz başa gəlməsi, informasiya assimmetriyasının nisbətən azalması və tranzaksiya xərclərinin aşağı düşməsidir. Dünyada fintex sahəsində əhəmiyyətli məsələlərdən biri də onun gətirdiyi risklərdir. Bu riskləri nəzərə almaq üçün dünyada və regionumuzda addımlar atılır".
O qeyd edib ki, ölkəmizdə də bu sahədə dayanıqlılığı təmin etmək üçün Mərkəzi Bank sektor oyunçuları ilə birgə addımlar atır: "Bunlardan biri də iyul ayında yeni qanunun qəbulu oldu. Bu qanun fintexlərin nəinki nəzarət-tənzimləmə çərçivəsini müəyyən etdi, həmçinin onlara ənənəvi yalnız bankların göstərdiyi xidmətləri də göstərməyə imkan yaratdı. Yeni qanun çərçivəsində artıq fintexlər özləri pul köçürmələri ilə məşğul ola, elektron pul təşkilatları hüquqi və fiziki şəxslərə ödəniş hesabları açıb xidmət göstərə, iki aylıq ödəniş xidmətləri üçün 50 manat kredit verə biləcəklər".
Qeyd edək ki, fintex sadə şəkildə desək, texnologiyanın maliyyə sektoruna inteqrasiya olunması ilə maliyyə xidmətlərinin daha rahat, daha təhlükəsiz və daha sürətli həyata keçirilməsinə imkan verən bir innovasiyadır.