BAKI, 4 sentyabr — Sputnik. Hazırda Türkiyəyə gələn qonaqlar arasında birinci yeri rusiyalı turistlər tutur.
Bunu Prezident Rəcəb Tayyib Ərdoğan Rusiya lideri Vladimir Putinlə Soçidəki danışıqlarda şəxsi görüşü zamanı bildirib.
Xatırladaq ki, Ərdoğan Putinlə şəxsən görüşmək üçün sentyabrın 4-ü bazar ertəsi günortadan sonra Rusiyaya gəlib. Görüş çərçivəsində prezidentlər "taxıl müqaviləsi", ölkələr arasında ticarət və meşə yanğınları zamanı Rusiyadan Türkiyəyə yardım məsələlərini müzakirə edirlər. Ərdoğan, xüsusilə, onu qeyd edib ki, müzakirə olunan "taxıl müqaviləsi" bir çox başqa ölkələrə də müsbət təsir göstərəcək.
Qeyd edək ki, daha əvvəl bu ilin payızında Rusiyadan Türkiyəyə turların qiymətinin aşağı salınacağı barədə məlumat yayılmışdı. Sletat.ru turizm agentlikləri şəbəkəsinin məlumatına görə, iyulda analoji təkliflərlə müqayisədə orta azalma 15-20% təşkil edib. Bəzi paket turlar isə hətta 50% ucuzlaşıb.