DİN Lənkəranda övladlığa verilən qızın qaçırılması ilə bağlı məlumat yayıb

Tərəflər Lənkəran Şəhər Rayon Polis Şöbəsinə dəvət olunaraq dinlənilib.
Sputnik
BAKI, 4 sentyabr — Sputnik. Sosial şəbəkələrdə azyaşlının qaçırılması ilə bağlı yayılan iddialar araşdırılıb.
Bu barədə APA-ya DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis kapitanı Məhəmməd Rzayev bildirib.
Onun sözlərinə görə, tərəflər Lənkəran Şəhər Rayon Polis Şöbəsinə dəvət olunaraq dinlənilib.
Azyaşlı Yetkinlik Yaşına Çatmayanların İşləri və Onların Hüquqlarının Müdafiəsi Komissiyasının əməkdaşları və psixoloqun iştirakı ilə verdiyi izahatda könüllü şəkildə bioloji anasının yanına getdiyini, onu övladlığa götürən T.Əliyevanın yanına qayıtmaq istəmədiyini bildirib.
Araşdırmalarla əməldə kriminal tərkibin olmadığı müəyyən olunub.
Toplanmış material baxılması üçün aidiyyəti üzrə Yetkinlik Yaşına Çatmayanların İşləri və Onların Hüquqlarının Müdafiəsi Komissiyasına göndərilib.
***
Lənkəranda övladlığa verilən qız qaçırılıb.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, sosial şəbəkədə paylaşılan həmin məsələdən məlumatlıdırlar.
Verilən məlumata görə, iddialar araşdırılır, nəticəsi barədə məlumat veriləcək.
Xatırladaq ki, bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə sosial şəbəkədəki səhifəsində məlumat yayıb.
Onun sözlərinə görə, 15 yaşlı qızı bioloji ana və qohumları qaçırıblar: "Qıza nə ediblərsə, qız rəsmi anaya dönmür. Uşaq övladlığa götürən ailənin ad, soyadında. Qonşular uşağın məcburən saxlandığını iddia edirlər. Məxfiliyin pozulması cinayət tərkibi yaradır. Uşağın qaçırılması da cinayət tərkibi yaradır. Uşağın başına nə gələcəyi min bir fikir yaradır. Rəsmi ailə yalvarır. Uşaq təzyiq altında "getmirəm" deyir. Lənkəranda illər əvvəl notarial qaydada uşaqdan imtina yazılıb. Övladlığa verilmə prosesi məhkəmə yolu ilə həyata keçirilib. Gözəl bir ailə formalaşıb. İndi isə məxfilik pozulub və uşaq qaçırılıb".