İQTİSADİYYAT

AYİB-in Birinci vitse-prezidentinin Qafqaza səfəri başlayır

Birinci vitse-prezident AYİB-in Şərqi Avropa və Qafqaz üzrə icraçı direktorunun müşayiəti ilə hər bir ölkədə hökumət rəsmiləri, mərkəzi bankların rəhbərləri, biznes liderləri və beynəlxalq maliyyə təşkilatlarının nümayəndələri ilə görüşəcək
Sputnik
BAKI, 4 sentyabr — Sputnik. AYİB-in Birinci vitse-prezidentinin Qafqaza səfəri başlayır. Yurgen Rigterink Ermənistan, Gürcüstan və Azərbaycana səfər edəcək.
AYİB-dən verilən məlumata görə, Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Birinci vitse-prezidenti və Müştəri Xidmətləri Qrupunun rəhbəri Yurgen Riqterink 4 sentyabr 2023-cü il tarixində Qafqaza bir həftəlik səfərə başlayır. Ermənistandan başlayan səfər Gürcüstanda davam edəcək və Azərbaycanda yekunlaşacaq.
Birinci vitse-prezident Riqterink AYİB-in Şərqi Avropa və Qafqaz üzrə icraçı direktoru Matteo Patronenin müşayiəti ilə hər bir ölkədə hökumət rəsmiləri, mərkəzi bankların rəhbərləri, biznes liderləri və beynəlxalq maliyyə təşkilatlarının nümayəndələri ilə görüşəcək. O, həmçinin AYİB-in Qafqaz üzrə sabiq regional direktoru Katarina Byorlin Hansen və bu vəzifəyə yeni təyin olunmuş Alkis Vryenios Drakinos arasında təhvil-təslimi qeyd edəcək.
Gürcüstanda Rigterink AYİB-in əsas tərəfdaş banklarından biri ilə kiçik və orta ölçülü müəssisələrin dəstəklənməsi öhdəliyinin bir hissəsi kimi proqrama start verəcək. Azərbaycanda isə qida istehsalı sənayesində ixtisas potensialının gücləndirilməsi məqsədi ilə Dövlət Peşə Təhsili Agentliyi və "Avrora Qrup"un tərəfindən təşkil edilən texniki və peşə təhsili və təlimi üzrə dövlət-özəl tərəfdaşlığına həsr olunmuş mərasimində iştirak edəcək.
Səfərdən öncə Riqterink bildirib ki, bu səfər, xüsusilə Rusiyanın Ukraynaya qarşı müharibəsi və artan iqtisadi qeyri-müəyyənliyi nəzərə alaraq, regiondakı prioritetləri müzakirə etmək üçün hökumət nümayəndələri və işgüzar dairələrin üzvləri ilə görüşmək imkanıdır: "Qafqaz Bank üçün mühüm regiondur və biz investisiyalarımız, məsləhət xidmətlərimiz və strateji tapşırıqlarımız vasitəsilə regionda dayanıqlı iqtisadi inkişafa davamlı dəstək prinsipimizə sadiqik".
Qeyd edək ki, AYİB regionda həm özəl, həm də dövlət sektorunda 680 layihəyə 10 milyard avrodan çox sərmayə qoyub.