BAKI, 3 sebtyabr - Sputnik. Türkiyə Rusiya və İranın iştirakı ilə dördtərəfli formatda Suriya ilə münasibətlərin normallaşdırılması məsələlərini müzakirə etməyə davam edir.
Bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan Tehranda iranlı həmkarı Hüseyn Əmir Abdullahianla danışıqlardan sonra keçirdiyi mətbuat konfransında deyib.
“Biz İran və Rusiya ilə birlikdə dördtərəfli formatda Suriya ilə bağlı işi davam etdiririk. Məsələlərin dairəsi genişdir. Sözsüz, hər bir tərəfin razılaşa bilmədiyi məqamlar var. Müzakirələri davam etdiririk”, - o vurğulayıb.
Fidan qeyd edib ki, Türkiyə Ankara ilə Dəməşq arasında münasibətlərin normallaşması prosesi çərçivəsində “Suriyadan nə görmək istədiyi ilə bağlı açıq gözləntilərini ifadə edib”:
“İlk növbədə, bunlar Suriya hökuməti tərəfindən etibarlı konkret tədbirlərdir ki, suriyalı qaçqınlar Türkiyədən salamat və təhlükəsiz şəkildə öz vətənlərinə qayıda bilsinlər və bizim istiqamətdə yeni qaçqın dalğalarına qarşı tədbirlər görülsün. Biz də Suriyanın terrorla mübarizədə, xüsusən də PKK-ya qarşı bizimlə əməkdaşlığa lazımi diqqət yetirəcəyinə ümid edirik”.
***
Türkiyə xarici işlər naziri Hakan Fidan Tehrana səfər edib. Səfər İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanın dəvəti əsasında baş tutub.
Türkiyə mediasının yazdığına görə, Hakan Fidanı İran Xarici İşlər Nazirliyində iranlı həmkarı Abdullahiyan qarşılayıb.
Qarşılanmadan sonra Fidanla Abdullahiyan ikitərəfli və nümayəndə heyətləri arası görüşlər keçirmək üçün nazirliyin binasına gediblər.
Qeyd edək ki, bu, nazir Fidanın xarici işlər naziri təyin edildikdən sonra İrana ilk səfəridir.
Xatırladaq ki, daha əvvəl Hakan Fidan və Hüseyn Əmir Abdullahiyan Bakıda görüşüblər. Nazirlər iki ölkə arasındakı münasibətləri və digər qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər.
Hakan Fidan və Hüseyn Əmir Abdullahiyan Qoşulmama Hərəkatının Koordinasiya Şurasının Nazirlər toplantısında iştirak etmək üçün Azərbaycanda səfərdə olarkən görüşüblər.