HADİSƏ

Hava şimal-qərb zonasında fəsadlar törədib

Hazırda aidiyyəti qurumların nümayəndələri ərazidə iş aparırlar.
Sputnik
BAKI, 3 sentyabr - Sputnik. Güclü külək Şəki şəhərində fəsadlar törədib.
"Report"un məlumatına görə, dünən axşam saatlarında Şəki şəhəri ərazisində əsən güclü külək yeni yaşayış massivində yaşayaıs evlərinin dam örtüyünü qoparıb.
Bundan başqa, həmin ərazidə ağaclar və elektrik dirəkləri aşıb.
Hazırda ərazidə aidiyyəti qurumların əməkdaşları araşdırma aparırlar.
Güclü yağış isə Oğuz rayonunda fəsadlar törədib.
Belə ki, dünən axşam yağan güclü yağış nəticəsində Qarasu çayında suyun səviyyəsi artıb, nəticədə sel suları Xalxal kəndinə ziyan vurub.
Məktəbə gedən körpünün bir hissəsi çöküb, bir neçə ailənin həyətinə və tövləsinə su dolub. Asfalt yolunun kənarlarını su yuyub, bir neçə elektrik dirəyi sıradan çıxıb.
Hazırda aidiyyəti qurumların nümayəndələri ərazidə iş aparırlar.