DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Hakan Fidan Türkiyənin Kərküklə bağlı siyasətinə aydınlıq gətirdi

Türkiyə XİN başçısı deyib ki, türkmanların hüquq və mənafelərinin qorunması onların İraqla bağlı siyasətinin əsas prinsiplərindən biridir.
Sputnik
BAKI, 3 sentyabr - Sputnik. Türkmanların yığcam yaşadığı Kərkükün sülh və sabitliyi bütün İraqa təsir edir.
Bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan Tehranda İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian ilə görüşündən sonra təşkil edilən birgə mətbuat konfransında söyləyib.
Fidan Kərkükün etnik və məzhəb tərkibinə görə özgür İraq modeli olduğunu vurğulayıb: “Kərkükdəki sülh və sabitliyin bütün İraqda sülh və sabitliyə birbaşa təsiri var. Biz Kərkükü dinc yanaşı yaşama mədəniyyətinin simvolu kimi görürük”.
Fidan əlavə edib ki, İraqın Baş naziri Məhəmməd Şia əl-Sudaninin rəhbərliyi ilə qurulan hökumət ölkəyə sabitlik gətirib: “Biz onun və hökumətinin infrastrukturun yenidən qurulması və investisiyaların cəlb edilməsi sahəsində göstərdiyi səyləri dəstəkləyirik. Biz bunun İraqın bu günü və gələcəyi üçün nə qədər vacib olduğunu anlayırıq. Belə bir dönəmdə İraqın əsas və təməl ünsürlərindən biri olan türkman soydaşlarımızın vətəni olan Kərkükdə insan ölümünə yol açan gərginliyin yaranmasına kədər və böyük narahatlıqla baxırıq”.
Bu cür gərginliyin qarşısının alınmasının zəruriliyi ilə bağlı fikirlərin əvvəllər də İraq hakimiyyətinə bildirildiyini vurğulayan Türkiyə xarici işlər naziri qeyd edib ki, Ankara Bağdaddan PKK-nın şəhərdə son vaxtlar artan mövcudluğuna son qoymasını tələb edir:
“Kərkük son vaxtlar böyük iztirablara və qırğınlara məruz qalmış qədim şəhərdir. Hesab edirik ki, bu şəhərdə kövrək sosial tarazlığı qorumaq, təmsilçilik və idarəçilik məsələlərində bütün sosial təbəqələrə bərabər səs hüququ vermək lazımdır. Bu baxımdan, biz şəhərdə əhalinin bütün təbəqələrinin bərabər şəkildə təmsil olunmasını və idarəçilikdə iştirakını təmin edərək sizə çoxdan bəlli olan formulun tərəfdarıyıq. Türkman soydaşlarımızın hüquq və mənafelərinin qorunması bizim İraqla bağlı siyasətimizin əsas prinsiplərindən biridir. Biz bundan sonra da türkmanların hüquqlarının siyasi intriqalara mövzu olmasına qarşı çıxacağıq və onları bütün sahələrdə dəstəkləyəcəyik”.
DÜNYA XƏBƏRLƏRİ
Hakan Fidan Tehranda İran və Rusiya ilə birlikdə görəcəkləri işləri açıqladı