BAKI, 3 sentyabr — Sputnik. Azərbaycanda bankların dollara tələbi artır. Xüsusən avqust ayında keçirilən valyuta hərraclarında tələbdə artım müşahidə edilir.
Avqustun 29-da Mərkəzi Bankda keçirilən valyuta hərracında tələb 58,9 milyon ABŞ dolları olubsa, avqustun 8-də bu göstərici 4 milyon ABŞ dolları təşkil edib.
Tələbdə artımın səbəbləri nədir?
Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti Mənsur Bərxudarov Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, əgər valyutaya tələb artırsa, bu, ümumilikdə biznes mühitinin yaxşılaşması deməkdir:
"Bu artım əlavə olaraq idxal-ixrac əməliyyatları, xarici ticarət, investisiya əməkdaşlığı üçün əlverişli şərait yaradır. Azərbaycanda da biznes mühiti getdikcə yaxşılaşır".
"Valyutaya tələbin artması mövsümlə də bağlı ola bilər"
Onun sözlərinə görə, valyutaya tələbin artması mövsümlə də bağlı ola bilər:
"Bu dövrdə taxıl və digər mövsümi kənd təsərrüfatı məhsullarının idxalına tələbat artır. Bu gün Rusiyada, Ukraynada həmin məhsulların yetişən və ixrac vaxtıdır. Bunlar da valyuta ilə əldə edilir. Digər tərəfdən, insanlar tətildən qayıdır, bazarda tələbat artır. Bu da valyutaya tələbi artırır. Valyutaya tələbin artması daha çox idxal-ixrac əməliyyatları ilə bağlıdır".
Milli Məclisin deputatı Vüqar Bayramov da bildirib ki, dollara tələbin artması idxalın çoxalması və regional valyuta bazarındakı dəyişikliklər ilə bağlıdır:
"Mövsümi faktorlar ilə bağlı olaraq idxal məhsullarına tələb artır və bu da dollar alışını çoxaldır. Bu baxımdan, dollar tələbin artması daha çox korporativ faktorlar ilə bağlıdır. Bununla yanaşı, mövsümi artımlar da valyuta bazarındakı tarazlığı qorumaq üçün intervensiya cəhdlərini gücləndirir".
Dollara tələbin artması kontekstində manatın məzənnəsinin necə dəyişməsinə gəldikdə isə deputat bildirib ki, daha çox enerji gəlirlərimizin artması səbəbindən Azərbaycanın tədiyyə balansında müsbət saldo davam edir. Bununla belə, regional və eləcə də qlobal valyuta bazarındakı dəyişikliklər psixoloji təsirlərini qoruyub saxlayır. Amma Azərbaycan hələlik üzən məzənnə rejiminə keçmədiyi üçün valyuta bazarındakı tarazlıq Mərkəzi Bankın qərarları ilə müəyyənləşməkdə davam etməkdədir.
45 valyuta hərracı baş tutub
Qeyd edək ki, 2023-cü ilin 6 ayında Mərkəzi Bankda Dövlət Neft Fondunun valyuta satışlarının həyata keçirilməsi üzrə 45 valyuta hərracı baş tutub. Hesabat dövründə valyuta hərraclarının 98%-də təklif tələbi üstələyib. Dövr ərzində Mərkəzi Bankın valyuta bazarına müdaxiləsi alışyönlü olub.
Dollar/manat məzənnəsi 2026-cı ilədək dəyişməyəcək
Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankı inflyasiyanın qarşısını almaq məqsədilə 2017-ci ildən milli valyutanın ABŞ dollarına qarşı məzənnəsini 1,7 manat səviyyəsində müəyyən edib.
İqtisadiyyat Nazirliyi tərəfindən təqdim olunmuş makroiqtisadi proqnozlarda 2023-2026-cı illər üzrə manatın ABŞ dollarına qarşı məzənnəsi 1,7 manat səviyyəsində götürülüb.
"S&P Global Ratings" beynəlxalq reytinq agentliyi də 2026-cı ilə qədər USD/AZN məzənnəsinin 1,7 səviyyəsində qalacağını proqnozlaşdırır. Agentliyə görə, karbohidrogen qiymətlərində kəskin azalma olarsa və uzun müddət aşağı səviyyədə qalarsa hökumət manatın məzənnəsinə düzəlişlər etməyi düşünə bilər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.