SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

TDT dövlət başçılarının xarici siyasət məsələləri üzrə köməkçiləri İstanbulda görüşüb

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin də iştirak etdiyi görüş zamanı Təşkilata üzv dövlətlər arasında siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi müzakirə olunub.
Sputnik
BAKI, 2 sentyabr - Sputnik. Sentyabrın 2-də İstanbulda Azərbaycanın təşəbbüsü ilə Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin dövlət başçılarının xarici siyasət məsələləri üzrə köməkçilərinin (müşavirlərinin) qeyri-rəsmi görüşü keçirilib.
TDT-nin saytında yerləşdirilən xəbərə görə, Təşkilatın İstanbuldakı binasında keçirilən tədbirdə üzv ölkələrin nümayəndə heyətləri ilə yanaşı, Katibliyin təmsilçiləri də iştirak ediblər.
Tədbirdə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin də iştirak edib.
Görüşdə üzv dövlətlər arasında siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlığın daha da inkişafının vacibliyi vurğulanaraq, Təşkilatın fəaliyyətinin genişləndirilməsinin önəmi qeyd olunub.
TDT-yə üzv ölkələrin dövlət başçılarının xarici siyasət məsələləri üzrə köməkçilərinin görüşü
İştirakçılar Qazaxıstanın ev sahibliyi ilə keçiriləcək TDT-nin 10-cu Zirvə Toplantısının təşkilinə dair məsələləri də müzakirə ediblər. Zirvə Toplantısı çərçivəsində imzalanacaq sənədlərin Türk Dünyasında əlaqələrin inkişaf etdirilməsi və ortaq hədəflərə nail olunması baxımından əhəmiyyəti vurğulanıb. Görüşdə, həmçinin beynəlxalq və regional təşkilatlarla əməkdaşlığın dərinləşdirilməsi məsələsi də müzakirə edilib.
Nümayəndə heyətləri bölgədə və onun hüdudlarından kənarda sülhün, sabitliyin və firavanlığın təşviq edilməsi, birgə təşəbbüslər üçün potensial imkanların dəyərləndiriblər.
Toplantı “Türk Dünyasına Baxış-2040” “TDT 2022-2026 Strategiyası” çərçivəsində Türk Dövlətləri Təşkilatının inkişaf edən qlobal mühitdə türk dövlətləri arasında daha dərin əməkdaşlığın təşviq olunması öhdəliyinə uyğun olaraq, konstruktiv dialoq və strateji planlaşdırma baxımından platforma rolunu oynayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.