BAKI, 2 sentyabr — Sputnik. Gürcüstan prezidenti Salome Zurabişvilinin impiçmenti təşəbbüsünün həyata keçirilməsi mümkün deyil, çünki parlamentdəki müxalifət qüvvələri onu dəstəkləyir və hakim çoxluğun kifayət qədər səsi olmaya bilər. Bunu politoloq, Gürcüstan Strategiya və İdarəetmə İnstitutunun rəhbəri Petr Mamradze bildirib.
Bundan əvvəl hakim "Gürcü Arzusu" partiyasının sədri İrakli Kobaxidze bildirmişdi ki, Zurabişvilinin hakimiyyətlə razılaşdırılmayan Aİ ölkələrinə səfərləri səbəbindən onun impiçment proseduruna başlanılır.
"Hesab edirəm ki, bu mümkün deyil. Birincisi, hakim partiyanın özü bildirdi ki, parlamentdəki koalisiya bunu sona qədər həyata keçirməyə imkan vermir. Yəni Saakaşvilinin partiyasından olan bütün millətçilər və ona bağlı olan siyasi qüvvələr Zurabişvilini dəstəkləyir. Bu həqiqətən maraqlı faktdır. İmpiçment üçün parlamentdə kifayət qədər səs yoxdur. Prezidentin nə etdiyi, bu cür dağıdıcı qüvvələrin onu dəstəkləməsi barədə düşünməyə dəyər",- deyə Mamradze RİA Novosti-yə bildirib.
Politoloq qeyd edib ki, əvvəlcə hakim partiya dövlət başçısı tərəfindən qanun pozuntularını təsdiqləmək üçün Konstitusiya Məhkəməsinə müraciət etmək istəyir. Mamradzenin sözlərinə görə, Konstitusiya Məhkəməsinin Zurabişvilinin xarici səfərlərini konstitusiya pozuntusu kimi qiymətləndirəcəyi dəqiq deyil, çünki onun səfərləri özəl sayıla bilər.
"Əgər prezident səfərləri zamanı hökumətlə razılaşdırılmayan hər hansı saziş imzalasaydı, bu, pozuntu olardı, amma hamımızın bildiyimiz kimi, o, kampaniyaya getdi və Avropa liderlərindən şifahi dəstək aldı. Məhkəmə bunun pozuntu olub-olmadığını hələ təsdiqləməyib", - deyə Mamradze bildirib.
Səlahiyyətli şəxsin impiçment yolu ilə vəzifədən kənarlaşdırılması prosedurunun başlanmış hesab edilməsi üçün yazılı sorğu Gürcüstan parlamenti deputatlarının ən azı üçdə biri tərəfindən imzalanmalıdır. Bu qərar Parlamentin bütün tərkibinin ən azı üçdə ikisi tərəfindən dəstəklənərsə, prezident impiçment yolu ilə vəzifəsindən kənarlaşdırılmış sayılır. Parlament çoxluğu 150 səsdən 84 səsə malikdir, impiçment üçün 100 deputatın dəstəyi lazımdır. Bu, prezident Zurabişviliyə qarşı ilk impiçmentdir.
Bundan əvvəl Gürcüstan hökuməti Zurabişvilinin Almaniya, Ukrayna, İsrail və Birləşmiş Ərəb Əmirlikləri də daxil olmaqla on dövlətə xarici səfərlərini rədd edib.
Prezident administrasiyası bildirib ki, Zurabişvili Gürcüstanın dekabrda almağı gözlədiyi Aİ-yə namizəd statusuna dəstək tapmaq üçün avqustun 31-dən başlayaraq Avropa liderləri ilə görüşlərə başlayır. Zurabişvili Avropa turnesinə Almaniyadan başlayıb.
"Gürcü Arzusu"nun icraçı katibi Mamuka Mdinaradze deyib ki, Zurabişvili hökumətin razılığı olmadan Avropa ölkələrinə xarici səfərlər edir ki, bu da konstitusiyanı pozur. Onun sözlərinə görə, hökumətin bunun üçün müəyyən səbəbləri var. Xüsusilə, prezidentin parlamentdəki son çıxışı "Gürcüstanın Avropaya inteqrasiyasına qarşı" kimi qiymətləndirilib.