"Ermənistanın Baş nazirinin bu açıqlaması bir müddət əvvəl səsləndirdiyi Qarabağ bölgəsi daxil, Azərbaycanın ərazi bütövlüyünün dəstəkləndiyi barədə bəyanatı ilə ziddiyyət təşkil edir və hal-hazırda aparılan sülh prosesinə ciddi zərbə vurur. Azərbaycanın tarixi və beynəlxalq hüquqi çərçivədə mövcud olan ərazilərinə qarşı əsassız iddialarından, tarixin saxtalaşdırılmasından əl çəkməyən, beynəlxalq hüquq prinsiplərini kobudcasına pozan, yürütdüyü təcavüz siyasəti səbəbindən düşdüyü acınacaqlı vəziyyətdən nəticə çıxarmayan bir ölkənin heç bir çərçivəyə sığmayan bu davranışının qarşısı alınmalıdır", -deyə sənəddə qeyd olunur.
"Bölgədə yaranmış yeni reallıqlar fonunda Ermənistanın sərgilədiyi destruktiv davranışın nəinki heç bir perspektivi yoxdur, əksinə bu mövqe Ermənistanı səfalətə sürükləyir. Azərbaycan ərazilərinə qarşı hər hansı iddialarla çıxış etmək və ərazilərimizdə aqressiv separatçı meylləri qızışdırmaq cəhdlərinin qarşısı tərəfimizdən qətiyyətlə alınacaq və lazımı şəkildə cavablandırılacaqdır", - deyə Nazirliyin şərhində vurğulanır.