BAKI, 2 sentyabr - Sputnik. Çin Türkiyənin BRİKS-ə qoşulmasını istəyir, təşkilatın genişlənməsi buna inamı artırıb. Belə bir açıqlama ilə Çinin Ankaradakı səfiri Liu Şaobin (Liu Shaobin) çıxış edib.
“Genişlənmə prosesi (BRICS) Çin Xalq Respublikasının sədrliyi dövründə başlayıb. BRİKS-ə qoşulmaq üçün 20-dən çox ölkə müraciət edib. Daha 6 ölkə təşkilata qəbul edilib. BRİKS-in genişlənməsi beynəlxalq ictimaiyyət tərəfindən gözlənilən idi. Bu, tarixi bir başlanğıc idi. Çin olaraq Türkiyənin də BRİKS-ə qoşulmasını istəyirik”, - deyə "Aydınlık" qəzeti diplomatın sözlərini sitat gətirib.
Onun sözlərinə görə, təşkilatın genişlənməsi ölkələr arasında inam və həmrəylik hissi yaradıb.
“Beynəlxalq ədalət üçün də vacibdir”, - deyə Çin səfiri əlavə edib.
BRİKS Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrikanı birləşdirir. Bir müddət əvvəl Yohannesburqda BRİKS sammiti keçirilib və nəticədə liderlər Argentina, Misir, İran, Efiopiya, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanını alyansa tamhüquqlu üzvü olmağa dəvət etmək qərarına gəliblər.
Formal olaraq qrupun genişlənməsi 2024-cü il yanvarın 1-də baş tutacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.