CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda saxlanılan üç erməni əməllərindən peşmandır - Ombudsman

Qurum rəhbəri bildirib ki, Ermənistanda həbsdə olan vətəndaşlarla bağlı mütəmadi olaraq Beynəlxalq Qırmızı Xaç Komitəsi ilə əlaqə saxlanılır, məsələ daim diqqət mərkəzindədir.
Sputnik
BAKI, 2 sentyabr - Sputnik. “Avqustun 28-də Azərbaycanda saxlanılan üç erməni gələcəkdə müxtəlif iddialar səsləndirə bilər. Bunun qarşısının alınması məqsədilə dərhal onlarla görüşdük. Onlar da təbii ki, Azərbaycan hökumətinə öz təşəkkürlərini bildirdilər, əməllərindən peşman olduqlarını söylədilər”.
Bunu Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva jurnalistlərə açıqlamasında deyib.
Ombudsmanın sözlərinə görə, saxlanılan ermənilərin dediyinə əsasən, bu əməli törətməyə, necə deyərlər, “böyükləri” məcbur edib:

“Onların heç xəbəri yox idi ki, bu cür addımı atacaqlar. Ermənilər əsrlər boyu azərbaycanlılara qarşı etnik təmizləmə, soyqırımı siyasəti həyata keçirib. Təəssüf ki, bu hallar hələ də davam edir”.

Ermənistanda həbsdə olan vətəndaşlarımızın aqibətinə gəlincə, S.Əliyeva vurğulayıb ki, bu istiqamətdə işlər davam etdirilir.

“Mütəmadi olaraq həmin şəxslərin ailələri, eləcə də Beynəlxalq Qırmızı Xaç Komitəsi ilə əlaqə saxlanılır. Məsələ daim diqqətimizdədir”, - deyə Ombudsman bildirib.

Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.