RUSİYA

Rusiyada Azərbaycan əsilli milyarder bu il ən çox varlanan iş adamı olub

Siyahıda ilk pillədə "Norilsk Nikel" şirkətinin əsas sahiblərindən biri olan Vladimir Potanin gəlir
Sputnik
BAKI, 1 sentyabr — Sputnik. Rusiyanın ən varlı iş adamlarının ümumi sərvəti ilin əvvəlindən 32,01 milyard dollar artıb.
Bu barədə informasiya Bloomberg Billionaires Indexin (BBI) məlumatlarında əks olunub.
Qeyd olunub ki, Azərbaycan əsilli milyarder, "Lukoyl"un həmsahibi Vahid Ələkbərov növbəti dəfə ən çox kapital əldə edən iş adamı olub. Belə ki, həmyerlimizin kapitalı 7,25 milyard dollar artaraq 22,6 milyard dollara çatıb. Bununla belə, Ələkbərov Rusiyanın ən varlı iş adamları siyahısında dördüncü pillədə qərarlaşıb.
Siyahıda ilk pillədə "Norilsk Nikel" şirkətinin əsas sahiblərindən biri olan Vladimir Potanin gəlir. O, ilin əvvəlindən sərvətini 1,13 milyard dollar artıraraq 29,7 milyard dollara çatdıraraq Rusiyanın ən varlı biznesmeni olaraq qalır.
İkinci yerdə sərvəti 3,49 milyard dollar artaraq 28,1 milyard dollara çatan "Novatek"in həmsahibi Leonid Mixelson gəlir. Üçüncü pillədə ilin əvvəlindən sərvətini 4,36 milyard dollar artıraraq 24,2 milyard dollara çatdıran NLMK-nın benefisiarı Vladimir Lisin, dördüncü yerdə 22,6 milyard dollarla Ələkbərov (Vahid Ələkbərov "Lukoyl"-un direktorlar şurasından çıxıb və şirkətin prezidenti vəzifəsindən istefa verib-red), beşinci yerdə "Severstal"ın əsas benefisiarı, ilin əvvəlindən sərvəti 410 milyon dollar artaraq 19,1 milyard dollara çatan Aleksey Mordaşov qərarlaşıb.
Siyahıda altıncı yerdə 44 milyon dollar varlanan "Metalloinvest" və "Megafon"un sahibi Əlişir Usmanov (Onun sərvəti hazırda 18,5 milyard həcmində qiymətləndirilir), yeddinci yerdə "Oneksim qrupu"un sahibi Mixail Proxorov ( onun sərvəti 1,73 milyard dollar artaraq 15 milyard dollara çatıb), səkkizinci yerdə sərvəti ilin əvvəlindən 3,13 milyard dollar artaraq 14,9 milyard dollar olan Novatek və Sibur şirkətlərinin ortaq sahibi Gennadi Timçenko, doqquzuncu yerdə sərvəti 886 milyon dollar artaraq 14 milyard dollara yüksələn "Euroxima" və "SUEK"-in keçmiş benefisiarı Andrey Melniçenko (ötən il martın 9-da Aİ-nin sanksiyalarına düşərək ortaq sahiblərdən ayrılıb) qərarlaşıb.
İlk onluğu isə ilin əvvəlindən sərvəti 974 milyon dollar artaraq 12,3 milyard dollara çatan Alfa Group-un yaradıcısı Mixail Fridman qapayır (APA).