İQTİSADİYYAT

Nazir Bakı ilə Stavropol arasında əməkdaşlığın əsas istiqamətlərini açıqladı

Azərbaycan Stavropol tədarükçüləri üçün əsas ixrac istiqamətidir və Azərbaycanın Stavropol diyarının turizm sektoruna investisiyaları 4,5 milyard rublu ötüb.
Sputnik
BAKI, 1 sentyabr — Sputnik. Azərbaycan ilə Rusiya Federasiyasının Stavropol diyarı arasında qarşılıqlı əlaqə və əməkdaşlıq həmişəkindən daha sıxdır, bu, həm də hər il artan ticarət dövriyyəsinin artımında özünü göstərir.
Bunu Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində təşkil olunan videokörpü zamanı Stavropol diyarının iqtisadi inkişaf naziri Denis Polyubin deyib.
O qeyd edib ki, 2022-ci ildə Azərbaycan ilə Rusiya Federasiyasının Stavropol diyarı arasında ticarət dövriyyəsi 200 milyon dollardan çox, bu ilin birinci yarısında isə 100 milyon dollardan çox olub.

"Dünyanın 100-dən çox ölkəsinə məhsul ixrac edən Stavropol diyarı üçün Azərbaycan əsas strateji tərəfdaşdır. Azərbaycan Respublikasına verilən əsas ixrac məhsulu kənd təsərrüfatı məhsulları - buğda, qarğıdalıdır. Biz həmçinin hazır məhsul, emal məhsulları göndəririk", - Polyubin bildirib.

Nazir qeyd edib ki, Azərbaycanla Stavropol diyarı arasında ixrac və idxalın həcmi artacaq. Belə ki, "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinin tam istifadəyə verilməsindən sonra tərəflər arasında yük axınının əhəmiyyətli dərəcədə artacağına inanır.
Turist axını və Azərbaycanın turizmə investisiyaları
Polyubinin sözlərinə görə, bu gün Azərbaycandan hər il Stavropol diyarına 20 mindən çox turist gəlir.
Bundan əlavə, azərbaycanlı sahibkarlar Rusiya regionunun turizm sektoruna fəal şəkildə sərmayə qoyurlar.

"Azərbaycan Stavropol diyarında sanatoriya- kurort müalicəsi sahəsinə artıq 4,5 milyard rubldan (46,5 milyon dollar) çox sərmayə yatırıb, sanatoriya kompleksləri tikilib", - Polyubin bildirib.

Nazir əlavə edib ki, Stavropol diyarı azad iqtisadi zonanın yaradılması üzərində işləyir və investisiya üçün 600 hektardan çox sahə ayrılacaq.
Rusiya Federasiyası ilə Azərbaycan arasında qarşılıqlı əlaqələrin inkişafına regionların töhfəsi
Tədbirdə də iştirak edən Rusiya Federasiyasının Azərbaycandakı ticarət nümayəndəsi Ruslan Mirsayapovun sözlərinə görə, Bakı ilə Moskva arasında uğurlu ticarət-iqtisadi əməkdaşlıq daha çox regionların töhfəsi ilə bağlıdır.

"Ötən ilin yekunlarına görə, Rusiya ilə Azərbaycan arasında ticarət dövriyyəsi pandemiyadan əvvəlki səviyyəni - 4 milyard dolları demək olar ki, ötüb. 2023-cü ilin yeddi ayında statistikaya görə, ticarət dövriyyəsi 30% artıb, Rusiya Federasiyası Azərbaycanla ticarət dövriyyəsində ilk 3 tərəfdaş sırasındadır", - deyə o bildirib.

Eyni zamanda, Rusiyadan Azərbaycana tədarüklər 23% artıb. Azərbaycana idxalda Rusiya Federasiyası birinci yerdədir, Azərbaycana çatdırılmada Rusiya məhsullarının payı 18% təşkil edir. Ticarət nümayəndəsi qeyd edib ki, bu, çox mühüm göstəricidir.
Bundan başqa, Mirsayapov əlavə edib ki, ötən ilin statistikasına görə, Azərbaycan 1,3 milyon tona yaxın buğda idxal edib ki, bunun da bir milyonu Rusiyadan olub. Onun sözlərinə görə, Rusiya Federasiyası ənənəvi olaraq Azərbaycanın paxlalı bitkilərə olan tələbatının 70%-dən 100%-ə qədərini təmin edir.
Ticarət nümayəndəsi onu da bildirib ki, Azərbaycan öz tranzit potensialından "Şimal-Cənub" Nəqliyyat Dəhlizi çərçivəsində maksimum istifadə edir.
Azərbaycan Stavropoldan əsas buğda idxalçısıdır
Stavropol diyarının iqtisadi inkişaf naziri Denis Polyubinin sözlərinə görə, bu bölgədə 9 milyon tondan çox taxıl, paxlalılar bitkilər istehsal olunur ki, bunun da 2 milyon tona yaxını daxili istehlak üçün istifadə olunur.
"Stavropol diyarı buğda istehsalına görə Rusiyada üçüncüdür və yağlı toxumların və qarğıdalı istehsalına görə ilk onluğa daxildir", - Stavropol diyarının naziri bildirib.
Eyni zamanda, onun sözlərinə görə, Stavropoldan 6 milyon tona yaxın taxıl, paxlalı və yağlı bitkilər ixrac edilir ki, bunun da 1 milyon tona yaxını Azərbaycana əsasən dəmir yolu ilə göndərilir.

"Azərbaycan Stavropol ixracatçıları üçün əsas istiqamətdir", - Polyubin əlavə edib.

Xatırladaq ki, Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində təşkil olunan videokörpü zamanı o, Stavropol diyarının 2024-cü ilin ikinci yarısında Azərbaycanda nümayəndəliyini açmağı nəzərdən keçirdiyini açıqlamışdı.