NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

Hasilatın azalacağı narahatlığı nefti bahalaşdırır

Analitiklər Səudiyyə Ərəbistanın gündəlik neft hasilatının könüllü olaraq 1 milyon barel azaldılmasını oktyabr ayına qədər uzadacağını gözləyirlər.
Sputnik
BAKI, 1 sentyabr — Sputnik. "OPEC plyus"un hasilatın azaldılmasını ilin sonuna qədər uzadacağına dair gözləntilər səbəbindən neft bahalaşıb.
ABŞ-ın Qərbi Texas nefti ("WTI") 21 sent artaraq 83,84 dollara, "Brent" markalı neft isə 26 sent artaraq 87,09 dollara satılıb. "WTI" həftə ərzində 5%-dən çox, "Brent" isə təxminən 3% bahalaşıb.
"Azeri Light" markalı Azərbaycan neftinin qiyməti 1,57 dollar artaraq 91,43 dollar təşkil edib.
Analitiklər Səudiyyə Ərəbistanın gündəlik neft hasilatının könüllü olaraq 1 milyon barel azaldılmasını oktyabr ayına qədər uzadacağını gözləyirlər.
Eyni zamanda Rusiyanın Baş nazirinin müavini Aleksandr Novak bildirib ki, Rusiya da "OPEC plyus" tərəfdaşları ilə neft ixracını azaltmaq barədə razılığa gəlib.
Digər tərəfdən, ABŞ-nin Enerji İnformasiya Administrasiyasının məlumatına görə, ABŞ-nin neft ehtiyatları son həftədə 10,6 milyon barel azalaraq 422,9 milyon barelə düşüb. Analitiklər 3,3 milyon barel azalma gözləyirdilər.
Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. 2022-ci ildə "Azeri Light" markalı neftin bir barelinin orta satış qiyməti 103,58 dollar təşkil edib. 2021-ci ilin göstəricisi ilə müqayisədə ötən il "Azeri Light" nefti 44,6% bahalaşıb.
2022-ci il ərzində "Azeri Light" markalı neftin ən yüksək qiyməti 8 mart tarixində bir barel üçün 135,99 ABŞ dolları, ən aşağı qiyməti isə 8 dekabr tarixində 78,07 ABŞ dolları olub.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 60 ABŞ dollarından hesablanıb.