Azərbaycan-Ermənistan sərhədində vəziyyət

MN: "Azərbaycan Ordusu mülki əhalini yox, legitim hərbi hədəfləri atəşə tutur"

Azərbaycan Ordusunun Kəlbəcər rayonu istiqamətində yerləşən mövqelərini artilleriya atəşinə tutulub.
Sputnik
BAKI, 1 sentyabr — Sputnik. Azərbaycan Ordusunun bölmələrinin guya erməni mülki əhaliyə təhlükə yaratması barədə Ermənistan tərəfinin yaydığı məlumatın heç bir əsası yoxdur.
Bu barədə Müdafiə Nazirliyindən bildirilib.
Qeyd olunub ki, Azərbaycan Ordusunun bölmələri Ermənistan silahlı qüvvələrinin bölmələrinin təxribatına qarşı zəruri cavab tədbirləri görür və yalnız legitim hərbi hədəfləri atəşə tutur.
***
Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Zod istiqamətində PUA tətbiq edilməsi ilə bağlı Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumat tamamilə yalandır və dezinformasiya məqsədi daşıyır.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
"Ermənistan tərəfinin yaydığı bu məlumatı qəti şəkildə təkzib edirik", - nazirlikdən bildirilib.
***
Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumat tamamilə yalandır.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.
"Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Basarkeçər rayonunun Zod istiqamətində əlavə canlı qüvvə və döyüş texnikasının cəmləşdirilməsi ilə bağlı Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumat tamamilə yalandır.
Qarşı tərəf bu cür dezinformasiyalar yaymaqla öz təxribatlarına haqq qazandırmağa çalışır", - məlumatda vurğulanıb.
***
Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zod istiqamətində yerləşən atəş mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonu istiqamətində yerləşən mövqelərini minaatanlardan atəşə tutur.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.
"Bölmələrimiz tərəfindən zəruri cavab tədbirləri görülür", - MN-dən bildirilib.
***
Sentyabrın 1-i səhər saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Zod yaşayış məntəqəsi istiqamətində yerləşən bölmələri Azərbaycan Ordusunun Kəlbəcər istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlar, minaatanlar, artilleriya qurğuları və zərbə PUA-larından atəşə tutmaqla bölgədə vəziyyəti gərginləşdirir.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.
Bundan başqa, Ermənistan tərəfi Basarkeçər rayonunun Zod yaşayış məntəqəsi istiqamətindəki mövqelərinə əlavə döyüş texnikası və canlı qüvvə cəmləşdirir.
Ermənistan tərəfi növbəti təxribatlar üçün zəmin yaratmaq məqsədilə dezinformasiya xarakterli məlumatlar yayır və beynəlxalq ictimaiyyətdə yanlış fikir formalaşdırmağa çalışır.
"Bildiririk ki, yaranmış gərginliyə və onun fəsadlarına görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür", - nazirlikdən qeyd olunub.
***
Kəlbəcər istiqamətində mövqelərimiz artilleriya atəşinə tutulub.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zod istiqamətində yerləşən atəş mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonu istiqamətində yerləşən mövqelərini artilleriya atəşinə tutub.
***
Sentyabrın 1-i səhər saatlarında Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Zod istiqamətindəki bölmələri tərəfindən Azərbaycan Ordusunun Kəlbəcər rayonu ərazisində yerləşən mövqelərinə qarşı zərbə PUA-sı tətbiq edilib.
Nəticədə daha iki hərbi qulluqçumuz yaralanıb.
Hazırda qeyd olunan istiqamətdə bölmələrimiz tərəfindən qətiyyətli cavab tədbirləri görülür.
Xatırladaq ki, daha öncə Ermənistan silahlı qüvvələri bölmələrinin Basarkeçər rayonunun Zod yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən açılan atəş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Tağıyev Məhəmməd Ramiz oğlu yaralanmışdı.
Azərbaycan-Ermənistan sərhədində vəziyyət
Azərbaycan hərbçisinin yaralanması ilə bağlı cinayət işi başlanılıb