BAKI, 1 sentyabr - Sputnik. Dənizkənarı Milli Parkda “Oxuyan gələcək” adlı kitab sərgisi təşkil olunub.
Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə baş tutan sərgi 1-3 sentyabr tarixlərini əhatə edəcək.
Tədbirdə Gənclər və İdman Nazirliyinin rəsmiləri, yazıçılar, elm adamları, ekspertlər, ictimai xadimlər, millət vəkilləri, tanınmış yazıçılar və mədəniyyət xadimləri iştirak ediblər.
Tədbirin ilk günündə sərgi iştirakçılarına musiqili-ədəbi proqram təqdim olunub.
Daha sonra Xalq şairi Ramiz Rövşənin təqdimatında şairin ən sevilən şeirləri səslənib və imza saatı keçirilib.
Tədbirin gündəliyinə əsasən, üç gün ərzində Azərbaycanın Xalq şairi Ramiz Rövşən, eləcə də Elxan Elatlı, Zahid Xəlil, Aqşin Yenisey, Mürşüd İsmayılzadə, Aybəniz İsmayılova, Elçin Əzimli, Reyhan Yusifqızı, Şəfəq Mehralıyeva, Yuliya Kərimova, Xülya Cəfərova kimi tanınmış yazarlar iştirak edəcək və imza saatları keçiriləcək.
Həmçinin, müxtəlif mövzularda təşkil olunmuş panellərdə təhsil, marketinq, psixologiya, dilçilik, idman, sağlamlıq və biznes sahələrində tanınmış ekspertlər ilə görüş və müzakirələr olacaq.
Qeyd edək ki, “Oxuyan gələcək” kitab sərgisinin məqsədi kitabın daha geniş kütləyə çatdırılmasına töhfə verməkdən və ölkədə mütaliəyə olan marağı daha da gücləndirməkdən ibarətdir.