SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

BQXK sərhəddə saxlanılan erməni futbolçularla görüşüb

Saxlanılanlarla təkbətək görüş keçirilib və onlara ailələri ilə əlaqə yaratmaq imkanı yaradılıb
Sputnik
BAKI, 1 sentyabr — Sputnik. 30 və 31 avqust tarixlərində Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələri avqustun 28-də saxlanılan 3 şəxsə baş çəkilib.
Bunu BQXK-nın Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova APA-ya deyib.
O bildirib ki, saxlanılanlarla təkbətək görüş keçirilib və onlara ailələri ilə əlaqə yaratmaq imkanı yaradılıb.
Qeyd edək ki, avqustun 29-da Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi müəssisələrə başçəkmələr davam etdirilir. Ombudsman Səbinə Əliyeva və onun Milli Preventiv Qrupunun (MPQ) üzvləri tərəfindən keçirilən növbəti başçəkmədə məqsəd inzibati qaydada həbs edilmiş şəxslərin saxlanma şəraiti, onlarla rəftar və hüquqlarının təmin olunması vəziyyətinin araşdırılması olub.
MPQ-nin ixtisasca həkim və psixoloq üzvlərinin də iştirak etdiyi görüş çərçivəsində Laçın sərhəd-buraxılış məntəqəsində saxlanılan və 10 gün müddətinə inzibati qaydada həbs olunan 3 nəfər – Alen Sarqsyan, Vahe Hovsepyan və Levon Qriqoryan da qəbul edilib.
Ombudsman konfidensial qəbul zamanı həmin şəxslərin beynəlxalq və milli qanunvericiliyə əsasən hüquqlarının təmini vəziyyətini öyrənib və müraciətlərini dinləyib. Eyni zamanda, onların saxlanıldığı kameraya və gəzinti yerinə baxış keçirilib, saxlanma şəraitinin standartlara uyğun olduğu müəyyən edilib.
Qəbul edilən şəxslər saxlanma şəraitindən, onlarla rəftardan, qidalanmadan, habelə tibbi-psixoloji yardımdan razılıqlarını bildiriblər. Başçəkmənin gedişində həmin şəxslərin ailə üzvləri ilə telefon danışığı da təmin edilib.
Xatırladaq ki, 2021-ci ilin dekabr ayında sosial şəbəkələrdə, KİV-də erməni futbolçularının futbol matçı zamanı Azərbaycan Dövlət bayrağı üzərində təhqiredici hərəkətlər etmələri barədə videogörüntülər yayılıb.
O zaman Azərbaycan Baş Prokurorluğunun bununla bağlı yaydığı açıqlamada Ermənistanın hərbi-siyası rəhbərliyi özünün təcavüzkar mahiyyətini növbəti dəfə nümayiş etdirməklə milli ədavət və düşmənçilik niyyəti ilə beynəlxalq hüququn fundamental norma və prinsiplərini kobud şəkildə pozmaqla ölkəmizə qarşı təxribat yönümlü hərəkətləri davam etdirdiyi vurğulanıb.
Həmin faktla bağlı Azərbaycan Respublikası Baş prokuroru tərəfindən Cinayət Məcəlləsinin 283.2.3 (Milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 324-cü (Azərbaycan Respublikasının Dövlət bayrağı və ya Azərbaycan Respublikasının Dövlət gerbi barədə təhqiredici hərəkətlər) maddəsi ilə cinayət işi başlanmaqla istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə həvalə olunub.
İnzibati qaydada həbs edilmiş şəxslərə hüquqları, Azərbaycan Ombudsmanının səlahiyyətləri izah edilib, Ombudsmanın 916 Çağrı Mərkəzinə müraciət imkanlarına dair məlumatlandırıcı nəşrlər, öz dillərində insan hüquqları sahəsində qanunvericilik aktları və beynəlxalq sənədlər təqdim edilib.