BAKI, 1 sentyabr - Sputnik. Azərbaycana bu ilin 7 ayı ərzində 1 milyon 144 min 155 nəfər turist gəlib. Ölkəmizə gələn turistlərin çoxu Rusiyanın payına düşüb. Belə ki, 7 ay ərzində Azərbaycana şimal qonşumuzdan 375 min 158 turist gəlib. Siyahıda ikinci yerdə Türkiyə qərarlaşıb. Əvvəlki illərlə müqayisədə Azərbaycana gələn turistlərin sayında artım olsa da, bəzi ölkələr üzrə turist sayında azalma var. Körfəz ölkələrindən Azərbaycana gələn turistlərin sayında azalma var.
Sputnik Azərbaycan-ın məlumatına görə, bunu millət vəkili Vüqar Bayramov da təsdiqləyib. O, bildirib ki, yay aylarında körfəz ölkələrindən Azərbaycana gələnlərin sayında azalma tendensiyası davam edib. O, bildirib ki, bütövlükdə, Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən, bu ilin ilk 7 ayında Azərbaycana gələn turistlərin sayı əvvəlki ilin uyğun dövrü ilə müqayisədə 37.4 faiz artaraq 1 milyon 143 minə çatıb. Azərbaycana gələn turistlərin coğrafi mənşə strukturunda əvvəlki illər ilə müqayisədə dəyişiklik qeydə alınır: Avropalıların sayının artması, Ərəb tursitlərinin səfərlərin azalması qeydə alınıb. Belə ki, bu müddətdə MDB ölkələrindən gələnlərin sayı 1,7 dəfə artaraq 477,1 min nəfər, Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 36,5 faiz artaraq 57,2 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 8,6 faiz azalaraq 185,4 min nəfər olub.
Deputat bildirib ki, ərəb turistlərinin sayının azalması alternativ turistik bazarlara marağın yüksəlməsi, Azərbaycanda turizm qiymətlərinin hələ də yüksək olması ilə əlaqələndirilir.
"Avropadan gələnlərin sayının artması isə pandemiyadan sonra köhnə qitənin getmə turizmə istəyin yüksəlməsi, işgüzar səfərlərin sayının çoxalması və bütövlükdə bölgəyə xüsusi marağın artması ilə bağlıdır. Eyni zamanda, son illər xaricilərin Azərbaycanda sağlamlıq turizminə də marağın artması müşahidə olunur. Turizm enerji sektorundan sonra ölkəyə ən çox valyuta gətirən sektordur. Pandemiyadan əvvəlki il- 2019-cu ildə ölkəyə 3 milyondan çox turist gəlmişdi və əcnəbilər həmin il Azərbaycanda 2.6 milyard dollara yaxın vəsait xərcləmişdilər. Bu baxımdan gələn turistlərin ölkə mənşəyinin yeniləşməsi, xüsusən də Avropa və Cənubi-Şərqi Asiyada yerləşən dövlətlər ilə bu sahədə əməkdaşlığın gücləndirilməsi vacibdir. Bu turizm gəlirlərində dayanıqlığı artıra bilər" - deyə deputat bildirib.
Turizm eksperti Ceyhun Aşurov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, bu il Avropa məhdudiyyətəri aradan qaldırdığından, viza ilə bağlı sadələşdirmələr olduğundan, eləcə də ucuz hava yolları çıxışlarının olması Körfəz ölkələrindən Avropaya axını artırıb. Onun sözlərinə görə, Azərbaycana alternativ turizm destenasiyalarının olması ərəb turistlərə Avropaya səyahət imkanı qazandırıb.
C. Aşurov bildirib ki, Azərbaycan turizm məkanı olaraq ucuzdur. Turizm qiymətlərini bahalaşdıran yeganə hava daşımalarıdır.
"Dünyada turist başına düşən xərclər artıb. Azərbaycan bazarı üçün məşhur olan Türkiyədə tur paketlər 50-60 faiz bahalaşıb. Azərbaycanda isə qiymətlərdə 1- faiz civarında bahaşma var. Bizdə qiymətlərdə çox bahalaşma yoxdur. Azərbaycana turistlərin xərcini artıran əsas amil hava yollarıdır.Əgər hava daşıma xərcləri ucuzlaşsa, ölkəmiz əcnəbi turistlər üçün daha cəlbedici olar".
Qeyd edək ki, Türkiyə 2023-cü ilin 7 ayı ərzində 30 milyon 93 min 446 turist qəbul edib. Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin məlumatına istinadən xəbər verir ki, 7 ayda Türkiyəyə gələn turistlərin 26 milyon 766 min 240 nəfəri əcnəbi, 3 milyon 327 min 206 nəfəri isə xaricdə yaşayan vətəndaşlar olub. Yanvar-iyul dövründə Türkiyəyə gələn əcnəbilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 16,22% artıb. Türkiyəyə ən çox ziyarətçi göndərən ölkələr siyahısında Rusiya Federasiyası 59,22% artım və 3 milyon 498 min 614 nəfərlə birinci yerdədir. Almaniya 3 milyon 211 min 724 nəfərlə ikinci (7,32% artım), İngiltərə (Birləşmiş Krallıq) 2 milyon 63 min 740 nəfərlə üçüncü (14% artım) olub. Növbəti yerlərdə Bolqarıstan və İran gəlir. Bu dövrdə 30 milyon 93 min 446 turist qəbul edən Türkiyə, 2019-cu ildə qeydə alınmış 26 milyon 524 mini keçərək yeni bir turist rekorduna imza atıb. İyul ayında Türkiyəyə gələn xarici ziyarətçilərin sayı ötən ilin eyni ayı ilə müqayisədə 7,25% artaraq 7 milyon 148 min 44 nəfər olub. Bu rəqəm iyul ayında ən çox xarici turist sayı kimi qeydə alınıb.