BAKI, 31 avqust — Sputnik. Ermənistanda İkinci Qarabağ müharibəsində itkin düşmüş hərbçilərin valideynləri müdafiə nazirinin müavini Arman Sarkisyanı döyüblər.
Sputnik Ermənistan-ın məlumata görə, valideynlərə may ayının 2-dən etibarən müdafiə naziri Suren Papikyanla görüş vəd edilib: “Lakin görüş hər dəfə müxtəlif bəhanələrlə təxirə salınıb”.
Valideynlərdən biri qeyd edib ki, uzun müzakirələrdən sonra nəhayət onlara nazirlik binasına daxil olmağa imkan yaradılıb:
“İçəri girəndən sonra nazirin gəlməyini gözlədik. O da müavini göndərdi. Xeyli danışdı və bizi qəzəbləndirdi. Övladlarımızın harada olduğunu bilmədiyini söylədi. Nazir müavininin danışıq tərzi bizi özümüzdün çıxardı. Əlbəyaxa dava düşdü”.
***
44 günlük müharibə zamanı itkin düşən əsgərlərin yaxınları bu gün saat 17:00-da Ermənistan müdafiə naziri Suren Papikyan qəbul edəcək. Bu barədə itkin düşənlərdən birinin anası Karine Manavazyan Sputnik Ermənistan-a bildirib.
Onların görüşdən xüsusi gözləntiləri yoxdur, amma bu gün nazir onları qəbul etməsə, daha radikal hərəkətlərə keçəcəklərini bildiriblər.
Ötən gün 44 günlük müharibədə itkin düşənlərin yaxınları Ermənistan Müdafiə Nazirliyinin qarşısına toplaşaraq müdafiə naziri Suren Papikyanla görüş tələb ediblər. Dünən onları nazir müavini Arman Sarkisyan qəbul edib. İtkin düşənlərin yaxınları Müdafiə Nazirliyinin binasını axşam saatlarında tərk ediblər.
2020-ci ildə Dağlıq Qarabağda gedən müharibə zamanı 62 nəfər hərbçi Zəngilan rayonuna aparılıb. Həmin hərbçilərdən beş nəfər öldürülüb, 12 nəfər əsir götürülüb, 23 nəfərin taleyi hələ də məlum deyil. Bununla bağlı başlanmış cinayət işində Baş Qərargah rəisinin keçmiş müavini Andranik Makaryanın da adı var.