RUSİYA

Qriqoryan və Rusiya XİN-in xüsusi nümayəndəsi Qarabağdakı vəziyyətlə bağlı nə danışıb?

Qriqoryan Rusiya xarici işlər nazirinin xüsusi nümayəndəsi ilə Yerevanda keçirilən görüşdə Qarabağdakı vəziyyəti müzakirə edib.
Sputnik
BAKI, 31 avqust — Sputnik. Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan və Rusiya xarici işlər nazirinin Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndəsi İqor Xovayev Yerevanda keçirilən görüşdə Qarabağdakı vəziyyəti müzakirə ediblər.
Bu barədə Ermənistan Təhlükəsizlik Şurasının mətbuat xidməti məlumat yayıb.
"Həmsöhbətlər regional təhlükəsizlik və xüsusən də Qarabağ ətrafındakı vəziyyəti müzakirə ediblər. Hər iki tərəf humanitar vəziyyətlə bağlı təcili addımların atılmasının vacibliyini vurğulayıblar", - məlumatda deyilir.
Xatırladaq ki, 2022-ci ildə Xüsusi tapşırıqlar üzrə səfir İqor Xovayev Rusiya xarici işlər nazirinin Azərbaycan və Ermənistan münasibətlərinin normallaşması üzrə xüsusi nümayəndəsi təyin olunub.
Xovayevin yeni statusu 2022-ci ilin fevralın 24-dən Vaşinqton və Parisin ATƏT-in Minsk Qrupunun həmsədrlərinin "üçlüy"ü çərçivəsində Moskva ilə bütün əlaqələri məhdudlaşdırması ilə bağlıdır.