BAKI, 31 avqust — Sputnik. Macarıstanın xarici işlər naziri Peter Siyarto Bolqarıstan Prezidenti Rumen Radev ilə tranzit məsələlərini müzakirə edib.
"Biz Azərbaycan və Türkiyədən daha çox qaz almağı planlaşdırırıq, Bolqarıstan vasitəsilə tranzit nəqlinə ehtiyacımız artacaq", - nazir sosial şəbəkələrdə yazıb.
Siyartonun sözlərinə görə, Rumen Radev əmin edib ki, Macarıstan bu məsələdə ona arxalana bilər.
Ukrayna ərazisindən qaz nəqlinin gözlənilən dayandırılması macarıstanlı nazirin fikrincə, Bolqarıstan-Serbiya-Macarıstan nəqliyyat marşrutunun əhəmiyyətini xeyli artıracaq.
Qeyd edək ki, Azərbaycanın SOCAR və Macarıstanın MVM CEEnergy şirkəti 2023-cü ildə Azərbaycan qazının (100 milyon kubmetr) Macarıstana tədarükünə dair iyunda müqavilə imzalayıb.
Siyarto daha əvvəl Macarıstanın Azərbaycandan hər il 2 milyard kubmetrə qədər qaz almaq istəyini açıqlayıb.