RUSİYA

Yaxın vaxtlarda Putin və Ərdoğanın qeyri-rəsmi görüşü keçiriləcək - Lavrov

Putinlə görüş Türkiyə Prezidenti Ərdoğanın G20 sammitindən əvvəl Rusiyaya səfəri çərçivəsində baş tuta bilər.
Sputnik
BAKI, 31 avqust — Sputnik. "Yaxın vaxtlarda Soçidə Rusiya Prezidenti Vladimir Putin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə qeyri-rəsmi görüş keçiriləcək".
Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov türkiyəli həmkarı Hakan Fidan ilə Moskvada baş tutan görüşündə deyib.
O, həmçinin əlavə edib ki, prezidentlər tərəfdaşlığın bütün sahələrini nəzərdən keçirəcəklər.
Görüşdə o da qeyd edilib ki, Soçidə keçiriləcək görüşdə prezidentlər "Taxıl Sazişi"ni ətraflı müzakirə edəcəklər.
***
Ərdoğanın Rusiyaya səfər tarixi ətrafında manipulyasiyalar davam edir
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sentyabrın 4-də Rusiyaya səfəri tarixi hələlik təsdiqlənməyib. Bu barədə “RİA Novosti”yə Türkiyə liderinin administrasiyasından bildirilib.
Daha əvvəl Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov Putin və Ərdoğan arasında görüş barədə danışarkən, görüşün tezliklə baş tutacağını, tarixlərin elan edilməsi ilə bağlı razılaşmaların olduğunu, Kremlin onlara əməl etdiyini bildirib.
“RİA Novosti”nin Türkiyə liderinin administrasiyasındakı mənbəsi bildirib ki, Ərdoğanın Rusiyaya səfəri Hindistanda keçiriləcək G20 sammitindən əvvəl baş tutacaq. Hakim partiyanın rəsmi nümayəndəsi Ömər Çelik Türkiyə liderinin yaxın vaxtlarda Soçiyə səfər edəcəyini təsdiqləyib.
Türkiyənin “Habertürk” telekanalı avqustun 29-u bildirib ki, liderlər arasında danışıqlar sentyabrın 4-də Soçidə baş tutacaq.
"Cənab prezidentin (Tayyib Ərdoğan) Rusiyaya səfəri gözlənilir. Amma biz bu tarixi mətbuata açıqlamamışıq. Bu barədə heç bir şərh verməmişik, medianın bu məlumatı haradan aldığını bilmirəm. Planlaşdırılan tarixlərdən biri sentyabrın 4-dür, lakin yekun tarix hələlik təsdiq olunmadığına görə, biz bunu elan etməmişik. Görüş bu tarixdə də ola bilər və olmaya da bilər", - deyə administrasiyadan “RİA Novosti”yə bildiriblər.
Bloomberg agentliyi isə Türkiyə mənbələrinə istinadən Ərdoğanın səfərinin sentyabrın 8-də baş tutacağını bildirib.
Türkiyə və Rusiyadakı rəsmi mənbələr görüş tarixini açıqlamadığından, manipulyasiyalar davam edir. Görüşün vaxtının və cədvəlinin Türkiyənin xarici işlər naziri Hakan Fidanın Moskva səfəri çərçivəsində Rusiya XİN başçısı Sergey Lavrovla dəqiqləşdiriləcəyi deyilir.
28.08.23, 18:05
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan gələn həftə rusiyalı həmkarı Vladimir Putinlə görüşmək üçün Rusiyaya gedəcək.
Bu barədə məlumatı Bloomberg agentliyi Türkiyə mənbələrinə istinadən yayıb.
Bildirilib ki, görüş Türkiyə Prezidenti Ərdoğanın G20 sammitindən əvvəl sentyabrın 8-də Rusiyaya səfəri çərçivəsində baş tuta bilər.
"Türkiyə lideri Rusiyaya Dehlidə “G-20” qrupunun 9-10 sentyabrdakı sammitindən əvvəl səfər etməyi planlaşdırır" - Bloomberg yazıb.
Görüşdə Qara Dəniz Taxıl Təşəbbüsünün müzakirəsi gözlənilir. Əsas məsələ taxıl sazişinin bərpası olacaq.
Daha əvvəl Rusiya mənbələri Ərdoğan-Putin görüşünün sentyabrın 4-də Soçidə baş tutacağını bildirmişdi.
24.08.23, 15:53
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sentyabrın 4-də Rusiyaya səfər edəcək.
Bu barədə TASS diplomatik mənbələrə əsasən məlumat yayıb.
Səfər çərçivəsində Soçidə R.T.Ərdoğanla Rusiya Prezidenti Vladimir Putin arasında görüş olacaq.
Liderlərin xüsusilə "Taxıl sazişi"ni müzakirə edəcəkləri gözlənilir.
Xatırladaq ki, bundan əvvəl Türkiyə, Rusiya və BMT taxıl sazişini müzakirə etmək üçün İstanbulda görüşə biləcəyi ilə bağlı xəbərlər yayılıb.
Bu təşəbbüsün aktivləşdirilməsi variantlarından biri də Rusiya və BMT nümayəndələrinin İstanbulda yeni görüşü ola bilər. Bu görüşlərin Rusiya, BMT və Türkiyə arasında üçtərəfli formatda keçirilməsi müzakirə olunub. İrəliləyiş əldə olunarsa, Ukraynanın iştirakı ilə dördtərəfli formatda davam etdirilə bilər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.