TƏHSİL

Abituriyentlər üçün şanslı il: 150-165 balla ali məktəblərə qəbul mümkün olub - Detallar

Kamran Əsədov bildirib ki, bu il 6 min nəfərdən çox subbakalavr ali məktəblərə qəbul olub.
Sputnik
BAKI, 31 avqust — Sputnik. Bu il ali təhsil müəssisələrinə qəbul imtahanlarının nəticələri müəyyən müzakirələrə səbəb olub. Ötən ilki qəbul imtahanlarında keçid balı 600-dən yuxarı olan ali təhsil müəssisələrinə bu il 200 balla qəbul olmaq mümkün olub. Sputnik Azərbaycan bu ilki qəbul imtahanlarında abituriyentlərin bilik göstəricilərinin qruplar üzrə müqayisəli təhlilini aparıb.
Təhsil üzrə ekspert Elçin Əfəndi Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, bu ilki qəbul imtahanlarında bəzi ixtisas qruplar üzrə bal enmələri müşahidə olunub. Xüsusilə 1 və 4-cü ixtisas qruplarında yüksək bal toplayanların azlığı keçid ballarına təsir edib. 2 və 3-cü qruplarda isə əksinə, keçid ballarında artım qeydə alınıb.
"Anoloji vəziyyət 5-ci ixtisas qrupunda da baş verdi. Ümumi götrürdükdə, bu il qəbul ili abituriyentlər üçün şanslı adlandırmaq olar. Bu il ali məktəblərə 27 min dövlət sifarişli yer ayrıldı. Ən şanslılar isə 1 və 4-cü qrupun abituriyentləridir ki, onlar üçün ayrılmış dövlət sifarişli yerlərin sayı daha çox idi. 1-ci ixtisas qrupunda 200 bal toplayan, 4-cü qrupunda isə 210 balı olan abituriyentlər pulsuz təhsil ala biliblər. Qəbul olan abituriyentlərin 48 faizə yaxını dövlət sifarişi ilə təhsil alacaq" - deyə ekpert bildirib.
Təhsil eksperti Kamran Əsədov da Sputnik Azərbaycan-a bildirib ki, bu il ali məktəblərə qəbul imtahanları abituriyentlər üçün daha uğurlu olub:
"1-ci ixtisas qruplarında alt qrupların yaradılması, informatikanın əlavə fənn olaraq daxil edilməsi öz təsirini göstərdi. ADNSU-nun Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasının (tədris ingilis dilində) dövlət sifarişli keçid balı 600-ın üzərində idisə, bu dəyişiklikdən sonra keçid balı 200 bala endib. Həmçinin 1-ci ixtisas qrupunda 18 min plan yerinin 13 mini dövlət sifarişli idi. Bu il 1-ci qrup üzrə plan yerlərinin sayı artmışdı. 1-ci ixtisas qrupu üzrə dövlət universitetlərində ödənişsiz ixtisaslara qəbul olmaq mümkün oldu. Həta onu qeyd edim ki, 1-ci ixtisas qrupunda Gəncə və Lənkəranda 175 balla ali məktəblərə qəbul mümkün oldu. Bu aşağı nəticə olsa da, təhsilin əlçatanlığına xidmət edir".
K.Əsədov bildirib ki, bununla belə ali məktəblərə ayrılmış plan yerləri tam dolmayıb. Onun sözlərinə görə, bu günlərdə ikinci tura start veriləcək. Müsabiqə şərtlərini ödəyənlər ixtisas seçimi edə biləcəklər.
"Amma biz ayrı-ayrı qruplar üzrə müqayisəli təhlil aparsaq görərik ki, universitetlərə ən aşağı balla, 150 balla keçid mümkün oldu. Azərbaycan Texniki Universiteti və Azərbaycan Memarlıq və İnşaat Universitetlərinə 200 balla qəbul baş tutdu. Bu ali təhsilin əlçatanlığa xidmət edir. 1-ci ixtisas qrupunda keçid balları kəskin aşağı düşdü. Bu gələcəkdə problemlərə səbəb ola bilər. Çünki, biz aşağı balla strateji ixtisaslara mütəxəssis qəbulu həyata keçirdik. Bu ölkəmizdə ali təhsilli şəxslərin sayının artmasına səbəb olacaq. Amma 3-cü ixtisas qrupu üzrə yüksək nəticələrlə qəbul müşahidə olundu" - K.Əsədov deyib.
Ekspert əlavə edib ki, bu qəbul ilində subbakalavrlar arasında da rəqabət mühiti yaranıb. 6 min nəfərdən çox subbakalavr ali məktəblərə qəbul olub: "Amma bu, bir növ ali məktəblərin plan yerlərinin dolmasına xidmət edən addımdır. Subbakalavrlar ali məktəblərdə təhsilin gedişinə müəyyən qədər təsir göstərirlər. Çünki, onlar dərs prosesində az iştirak etməyə çalışırlar. Bununla belə, ümumilikdə bu qəbul ilini müsbət qiymətləndirmək olar. Bu il azballı abituriyentlərin qəbul olduğu il kimi qeydə alındı. Tədrisin keyfiyyətinin aşağı olması ali məktəblərə qəbula öz təsirini göstərdi".
Dünən axşam saatlarında Dövlət İmtahan Mərkəzi 2023/2024-cü tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul olunmaq üçün keçirilən müsabiqənin nəticələrini elan edib.
Ali təhsil müəssisələrinə qəbul olunan abituriyentlər 5 sentyabr saat 11:00-dan 14 sentyabr saat 18:00-dək portal.edu.az platformasında qeydiyyatdan keçməli və yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında "Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı" xidmətini seçməlidirlər. Abituriyentlər qeydiyyat prosesi ilə bağlı məsələləri portal vasitəsilə dəqiqləşdirə bilərlər. Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali məktəbə göndərilməyəcək.
Bu il ali təhsil müəssisələrinin müsabiqəsində 70301 nəfər iştirak edib. Onlardan 51941 nəfəri (o cümlədən 6592 subbakalavr) ali təhsil müəssisələrinə qəbul olunub. 24594 (o cümlədən 1389 subbakalavr) nəfər dövlət sifarişi əsasında, 27347 (o cümlədən 5203 subbakalavr) nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib.
TƏHSİL
Universitetə qəbul olunmayan abituriyentlərin nəzərinə: Hansı qrupda nə qədər boş yer var?