QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Yeni Xocavənd qəsəbəsində məktəb binası istifadəyə verilib - FOTO

Yaponiyanın ölkəmizdəki səfiri məktəb üçün yeni binanın inşa edilməsi nəticəsində təhsilin səviyyəsinin yaxşılaşacağına, burada təhsil almış uşaqların gələcəkdə Azərbaycanın inkişafına töhfə verəcəyinə əminliyini bildirib.
Sputnik
BAKI, 30 avqust — Sputnik. Xocavənd rayonunun Yeni Xocavənd qəsəbə məktəbində Yaponiya hökumətinin "Ot Kökləri və İnsan Təhlükəsizliyi Qrant Yardımı Proqramı" çərçivəsində icra olunan "Xocavənd rayonunun Yeni Xocavənd qəsəbə məktəbinin təmiri və əlavə məktəb binasının inşası" layihəsinin təqdimat mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Yaponiyanın ölkəmizdəki səfiri Vada Cüniçi, Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov, Qarabağ Regional Təhsil İdarəsinin müdir müdiri Anar Məcidov, məktəbin müəllimləri və benefisiar təşkilatın nümayəndələri iştirak ediblər.
Yeni Xocavənd qəsəbəsində məktəb binası istifadəyə verilib
Mərasimdə çıxış edən Vada Cüniçi ölkəsinin Azərbaycanda reallaşdırdığı layihələr barədə məlumat verib. Məktəb üçün yeni binanın inşa edilməsi nəticəsində təhsilin səviyyəsinin yaxşılaşacağına, burada təhsil almış uşaqların gələcəkdə Azərbaycanın inkişafına töhfə verəcəyinə əminliyini bildirib.
Rayon icra hakimiyyətinin başçısı Eyvaz Hüseynov həyata keçirilən layihəyə görə Yaponiya hökumətinə minnətdarlığını ifadə edib.
Yeni Xocavənd qəsəbəsində məktəb binası istifadəyə verilib
Sonra tədbir iştirakçıları məktəbdə yaradılan şəraitlə tanış olublar.
Layihə çərçivəsində Yeni Xocavənd qəsəbə məktəbinin 6 sinif otaqlı və sanitar qovşaqlı əlavə məktəb binasının tikintisi və mövcud məktəb binasının qaz istilik sistemi ilə təmin edilməsi üçün "Azərbaycan İcma inkişafı üzrə araşdırmalar, təlim və resurs mərkəzi" İctimai Birliyinə 91 min 297 ABŞ dolları (154.293 manat) məbləğində qrant ayrılıb. Layihənin əsas məqsədi Yeni Xocavənd qəsəbəsi ilə yanaşı, qonşu Yeni Tuğ qəsəbəsinin təhsil şəraitinin yaxşılaşdırılması və məcburi köçkün statuslu şagirdlərin təhsil alma imkanlarının artırılmasıdır.
İndiyə qədər Azərbaycan Respublikasında sözügedən proqram çərçivəsində icra olunan layihələrin ümumi sayı 285 olmaqla, ümumi qrant məbləği 24 milyon 70 min ABŞ dollarını ötüb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.