BAKI, 30 avqust — Sputnik. Qərbi Azərbaycan İcması Ermənistan hökumətindən məcburi itkin düşməyə məruz qoyduğu azərbaycanlıların taleyinə aydınlıq gətirməyi, məcburi itkin düşmüş şəxslərin qalıqlarını tapmaq və geri qaytarmaq məqsədilə Azərbaycanla tam əməkdaşlıq etməyi, məcburi itkin düşməni törətmiş şəxsləri ədalət məhkəməsinə təslim etməyi tələb edir.
Bu barədə İcmanın 30 Avqust - Beynəlxalq İtkin Düşmüşlər Günü ilə bağlı yaydığı bəyanatda bildirilib.
Qeyd edilib ki, Ermənistandan olan çoxlu sayda azərbaycanlı etnik təmizləmə zamanı və eləcə də, onların pənah gətirdiyi Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı Ermənistanın hərbi təcavüzü nəticəsində itkin düşüb. Ermənistan tərəfindən törədilmiş məcburi itkin düşmələr insan hüquqlarının kobud şəkildə pozulmasıdır.
Bildirilib ki, məcburi itkin düşmədən qorunma hüququ insan hüquqlarına dair müxtəlif beynəlxalq sənədlərdə, o cümlədən Ümumdünya İnsan Hüquqları Bəyannaməsində, "Mülki və siyasi hüquqlar haqqında" Beynəlxalq Paktda və "Bütün şəxslərin məcburi itkin düşmələrdən qorunması haqqında Beynəlxalq Konvensiya"da təsbit edilib.
Diqqətə çatdırılıb ki, Ermənistan bu şəxslərin taleyi və harada olduğu barədə aydınlıq gətirməkdən, qətlə yetirdiyi azərbaycanlıların kütləvi məzarlıqlarının və digər dəfn yerlərinin dəqiq yerini açıqlamaqdan imtina edir və bununla onların ailələrinin yaşadığı ağrı və qeyri-müəyyənlik iztirabını daha da dözülməz edir.
"Bu zorakı itkin düşmələr məsələsinə baxılması insan hüquqlarının müdafiəsi, zərər çəkmiş ailələrə onların yaxınlarının taleyinə aydınlıq gətirmək və ədalətin təmin edilməsi üçün zəruridir", - deyə bəyanatda vurğulanıb.
Qərbi Azərbaycan İcması
Xatırladaq ki, Qərbi Azərbaycan İcması 1989-cu ildən fəaliyyət göstərən "Azərbaycan Qaçqınlar Cəmiyyəti" İctimai Birliyinin hüquqi varisidir. Avqustun 3-də İctimai Birliyin adı dəyişdirilərək "Qərbi Azərbaycan İcması"na çevrilib, İcmanın yeni Nizamnaməsi təsdiq olunub. İcmada Müşahidə, Ağsaqqallar, Ziyalılar, Qadınlar və Qəyyumlar şuraları, İdarə Heyəti, Nəzarət-Təftiş Komissiyası, Gənclər Birliyi, xarici ölkələrdəki nümayəndəliklər kimi strukturlar yaradılıb və seçkilər keçirilib.
Təşkilat 1989-cu ildən Qərbi Azərbaycan qaçqınlarının problemləri ilə məşğul olan və 1988-1991-ci illərdə qaçqın düşən azərbaycanlılar barədə faktların və sənədlərin toplandığı və saxlandığı yeganə ictimai qurumdur. 1988-1991-ci illərdə Qərbi Azərbaycandan qovulmuş 50 mindən çox ailənin 20 minə qədərinə dəymiş ziyan hesablanıb və hazırda bu işlər davam etdirilir. Həmin illərdə Qərbi Azərbaycanda 300-ə yaxın yaşayış məntəqəsindən qovulan qaçqınların hər bir ailə üzrə (ad, soyad, ata adı) dəqiq statistikası aparılıb, 130 kəndin siyahısı tamamlanıb. Təşkilat Qərbi Azərbaycanda tarixi və mədəni irsimizin bütün nümunələrinin dəqiq siyahısının hazırlanmasını davam etdirir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.