BAKI, 30 avqust - Sputnik. Rusiyanın Müdafiə Nazirliyi ölkənin Bryansk və Oryol vilayətlərində bir neçə dronun zərərsizləşdirildiyini açıqlayıb.
“Report” xəbər verir ki, bu barədə müdafiə qurumu teleqramda məlumat yayıb.
Bildirilib ki, avqustun 30-na keçən gecə Rusiya ərazisinə “təyyarə tipli PUA ilə” hücum cəhdinin qarşısı alınıb:
“Növbətçi hava hücumundan müdafiə qüvvələri Bryansk vilayətinin ərazisi üzərində üç və Oryol vilayətinin üzərində isə Ukraynanın bir PUA-nı vurub”.
Rusiya MN ölkənin Pskov vilayətindəki kütləvi dron hücumu ilə bağlı açıqlama yaymayıb.
Xatırladaq ki, Pskov aerodromuna dron hücumu müharibənin əvvəlindən bəri Rusiya ordusunun arxa cəbhəsinə endirilən ən dağıdıcı zərbələrdən biri olub.
TASS-ın fövqəladə hallar xidmətindəki mənbələrə istinadən verdiyi xəbərə görə, Pskovdakı hərbi aerodroma pilotsuz təyyarənin hücumu zamanı 4 İl-76 təyyarəsi zədələnib. Hücumla bağlı ilk məlumat 23:44 radələrində ortaya çıxıb. Daha sonra Pskov qubernatoru Mixail Vedernikov dronların şəhərin aerodromuna hücumunu təsdiqləyib. Ümumilikdə, yayılan məlumata görə, azı 10 dron hücum edib. Şahidlərin çəkdiyi videolarda HHM qüvvələrinin hücumu dəf etməsinin görüntüləri ilə yanaşı güllə səsləri də eşidilib.
Qeyd edək ki, Pskovdan Ukraynaya məsafə təqribən 700 km-dir.