BAKI, 29 avqust — Sputnik. Avqustun 28-də Azərbaycan XİN-in yaydığı bəyanatda Fransa prezidentinə deyildi ki, leksikonunda "Laçın humanitar dəhlizi" kimi ifadələrə yer verməsi, bu istiqamətdə təzyiq dili ilə danışması qəbuledilməzdir və Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmətsizlikdir.
Fransa lideri deyib ki, Azərbaycana qarşı daha güclü beynəlxalq təzyiq lazımdır. Fransanın "Le Figaro" qəzeti ötən həftə yazıb ki, Paris "aclıqdan ölmək üzrə olan" Qarabağın etnik erməni əhalisinə yardımın təmin edilməsini nəzərdə tutan qətnamə layihəsini BMT Təhlükəsizlik Şurasına təqdim etməyə hazırlaşır. Mşüahidələrə əsasən demək olar ki, Fransa lideri Ermənistan hökumətinə rəhbərlik edənlərdən daha çox erməni kimi görünür.
Avqustun 29-da Makron Azərbaycan və Ermənistan liderlərinə zəng edib. Azərbaycan Prezidenti ilə Makron arasında baş tutan telefon danışığında regiondakı vəziyyət, Ağdam-Xankəndi və Laçın-Xankəndi yollarının açılması məsələsi müzakirə olunub.
Prezident Emmanuel Makron vəziyyətin sabitləşdirilməsi və mövcud gərginliyin aradan qaldırılması üçün Fransanın da öz tərəfindən töhfə verməyə hazır olduğunu bildirib, Fransanın və Azərbaycanın aidiyyəti qurumlarının təmaslarının davam etdirilməsini təklif edib.
Dövlətimizin başçısı bildirib ki, Ağdam-Xankəndi yolunun istifadəsinə məqsədyönlü şəkildə Ermənistan və onun Azərbaycanın Qarabağ bölgəsində yaratdığı və dəstəklədiyi qondarma rejim tərəfindən süni əngəllər yaradılır və bundan siyasi manipulyasiya məqsədilə istifadə edilir. Bəs Parisin bu addımları regiona nə vəd edir?
Mövzu ilə bağlı millət vəkili Elman Nəsirov Sputnik Azərbaycan-a danışıb. Millət vəkili bildirib ki, Fransa BMT TŞ-nin beş üzvündən biri kimi beynəlxalq sülhün təmin olunmasında əsas rolu oynaya bilər:
"Amma reallıq başqa şeyləri göz önünə sərir. Bu gün Fransa neo-kolonist ölkə kimi Afrika qitəsində etirazlarla üz-üzə qalıb. Fransa indi də əlini Cənubi Qafqaza uzatmaq istəyir. Onun bölgəmizə vəd etdiyi siyasət isə sülhün və təhlükəsizliyin təmin olunmasına deyil, qarşıdurma və ziddiyyətlərin daha da kəskinləşməsinə xidmət edir".
Politoloq Elman Nəsirov
© sputnik.az
Elman Nəsirov qeyd edib ki, Fransa prezidenti V Fransa respublikası tarixində yeganə prezidentdir ki, "ermənidən çox erməni" olmasını isbatlayıb:
"Makron Ermənistanı müdafiə etməsini də erməni dilində ifadə edir. Makronun Azərbaycana qarşı fəaliyyəti gecə-gündüz davam edir. Qarabağda separatizmi yaradan Ermənistan respublikası separatçı rejimi müstəqil subyekt kimi qəbul etmədiyi halda, bunu dünyada edən yeganə dövlət Fransadır. Onun parlamentinin hər iki palatasıdır. Fransa hakimiyyətinin bütün qolları ermənipərəst mövqedə dayanıb".
Onun sözlərinə görə, BMT TŞ-də Laçın yolundakı vəziyyətlə bağlı yaranmış süni qalmaqal prosesində də Fransanın daimi nümayəndəsi diplomatiyadan uzaq davranış sərgiləyib:
"Azərbaycan Prezidenti dəfələrlə Fransanın qərəzli və beynəlxalq hüquqa zidd mövqeyini ifşa edib. Hesab edirəm ki, Fransanın Cənubi Qafqazdakı sülh quruculuğu prosesində iştirakına heç bir imkan verilməməlidir. Çünki bu iştirak mövcud qəliz vəziyyəti, regionda müharibəyə çevirə bilər. Fransanın fəallaşması üçüncü Qarabağ müharibəsini labüd edə bilər". Millət vəkili rəsmi Bakının Qarabağ ermənilərə humanitar yardım təklifini də şərh edib. O qeyd edib ki, Ermənistan və ona himayədarlıq edənlər çox ciddi şəkildə çalışırlar ki, beynəlxalq birlik Ağdam-Xankəndi yolundan məlumatlı olmasın: "Azərbaycan isə bütün ali kürsülərdən bəyan edib ki, ərzaq və digər yüklərin daşınması üçün təhlükəsiz və əlverişli yol təqdim edir. Artıq Beynəlxalq Qızıl Xaç təşkilatı vastəsilə 40 ton unun daşınmasının həyata keçirələcəyi gözlənilir. Bu da ona göstərir ki, Ermənistanın bu istiqamətdəki dezinformasiyası iflasa uğrayıb. Hesab edirəm ki, Azərbaycanın əməli addımları Ermənistanın iç üzünü açıb göstərir. Ermənistan isə sadəcə siyasi manipulyasiyalarla məşğuldur".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.