BAKI, 29 avqust — Sputnik. Rusiyanın xarici işlər naziri Sergey Lavrov Hindistanda keçiriləcək "Böyük iyirmilik" (G20) sammitində nümayəndə heyətinə rəhbərlik edəcək. Sammit sentyabrın 9-dan 10-dək Yeni Dehlidə keçiriləcək.
Bu barədə "TASS" Telegram kanalında xəbər verilib.
Bu günlərdə Rusiya Prezidenti Vladimir Putin və Hindistanın baş naziri Narendra Modi qarşıdan gələn sammiti müzakirə ediblər. Modi Putinin qarşıdan gələn görüşdə iştirak edə bilməməsini anlayışla qarşılayıb və Hindistanın müxtəlif təşəbbüslərini dəstəklədiyinə görə ona təşəkkür edib.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov qeyd edib ki, Vladimir Putinin çox gərgin iş qrafiki var. Ona görə də o, sammitdə şəxsən iştirak edə bilməyəcək. Peskov onu da əlavə edib ki, Rusiya prezidenti hazırda diqqətini xüsusi hərbi əməliyyata yönəldib.
Daha əvvəl Hindistanın xarici işlər naziri Subramanyam Cayşankar Ukrayna lideri Vladimir Zelenskinin Hindistanda keçiriləcək G20 sammitinə niyə dəvət edilmədiyini açıqlayıb. Nazirin sözlərinə görə, görüşün əsas məqsədi qlobal iqtisadi artım problemlərini müzakirə etmək olacaq və qarşıdan gələn sammitin BMT Təhlükəsizlik Şurasına heç bir aidiyyatı yoxdur.