RUSİYA

Peskov: Putin Qərb ölkələrinin liderləri ilə sanksiyalar mövzusunu müzakirə etməyib

Kremlin sözçüsü Almaniyanın "Bild" qəzetində dərc edilən məqaləni şərh edib.
Sputnik
BAKI, 29 avqust — Sputnik. Rusiya Prezidenti Vladimir Putin heç vaxt Qərb liderləri ilə anti-Rusiya sanksiyalarını müzakirə etməyib. Bu barədə çərşənbə axşamı dövlət başçısının mətbuat katibi Dmitri Peskov məlumat verib.
"Öz tərəfimdən təsdiqləyə bilərəm. Putin onları tətbiq edənlərlə təmasda heç vaxt sanksiyalar mövzusuna toxunmayıb", - deyə Kremlin sözçüsü Almaniyanın "Bild" qəzetində dərc edilən məqaləni şərh edərkən bildirib. Məqalədə Almaniya və Fransa liderləri Olaf Şolts və Emmanuel Makronun Rusiya Federasiyası rəhbərinin onlarla təmasları zamanı sanksiyaların ləğvini xahiş etməməsindən təəccübləndikləri qeyd olunub.
Peskov, həmçinin qeyd edib ki, Rusiya iqtisadiyyatı hazırkı məhdudiyyətlərə baxmayaraq böyüyür. O əlavə edib ki, Dünya Bankının məlumatına görə, Rusiyanın iqtisadiyyatı dünyanın aparıcı iqtisadiyyatları sırasındadır.
Xatırladaq ki, daha əvvəl Putin Qərbin sanksiyaları fonunda Rusiya Federasiyasının yaxşı iqtisadi göstəricilərinin hətta onun üçün belə təəccüblü olduğunu bildirib.