BAKI, 27 avqust - Sputnik. Rusiya prezidenti Vladimir Putin mədənçiləri peşə bayramı münasibətilə təbrik edib. Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Dövlət başçısı qeyd edib ki, bu peşə müstəsna səriştə və xüsusi şəxsi keyfiyyətlər - dözümlülük və fədakarlıq, mətanət və cəsarət, yoldaşcasına qarşılıqlı yardım tələb edir. O, bu əxlaqi prinsiplərin nəsildən-nəslə keçdiyini və güclü mədənçilər nəslinin mövcudluğu üçün etibarlı əsas rolunu oynadığını vurğulayıb.
Putin Rusiyanın üzləşdiyi çətinliklərə baxmayaraq, ölkədə kömür hasilatı və emalının sürətini artıraraq, Rusiya Federasiyasının enerji təhlükəsizliyinin təmin edilməsinə və sənaye, o cümlədən müdafiə müəssisələrinin dayanıqlı fəaliyyətinə mühüm töhfə verdiyinə diqqət çəkib.
Prezident mədənçilərə cansağlığı, uğurlar, plan və ideyalarının həyata keçirilməsini arzulayıb.
Rusiyada Mədənçilər Günü avqustun son bazar günü qeyd olunur. Son məlumatlara görə, bu sənayedə 175 müəssisədə 150 minə yaxın insan çalışır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.