BAKI, 26 avqust — Sputnik. Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) ölkəmizdə fəaliyyət göstərən taksi şirkətlərinin data bazasını Azərbaycana köçürməyə israrlıdır. Sputnik Azərbaycan-ın məlumatına görə, bu sözləri İKT üzrə ekspert, Azərbaycan İnternet Formunun prezidenti Osman Gündüz söyləyib. O, boldirib ki, bu qanunun tələbidir.
"Taksi şirkətləri ilə bağlı yaranana suallardan biri də odur ki, "Yandex" və digər xarici taksi şirkətləri serverlərini Azərbaycana gətirəcəkmi ? Çünki, bir müddət öncə məlumat yayılmışdı ki, yandex.kz domeni Qazaxıstanda qapadılıb. Bu, Rusiyada taksi fəaliyyəti ilə məşğul olan şirkətlərin datalarının FSB üçün tam açıq olması haqqında hökumətin qərarı açıqlanandan sonra baş vermişdi. Qərar 1 sentyabrdan qüvvəyə minəcək. Burada data dedikdə taksi xidmətlərindən istifadə edən vətəndaşların telefon nömrələri, e-poçt ünvanları, İP ünvanları, bank məlumatları, gündəlik taksi sifariş verdiyi ünvanlar və s. nəzərdə tutulur. Qazaxıstanda "Yandex.Taxi" fəaliyyət göstərir, güman ki, Qazaxıstan hökuməti də öz vətəndaşlarının fərdi məlumatlarına FSB-nin girişinin qarşısını almaq üçün "Yandex.kz"ni qapatmaq qərarına gəlmişdi. Ötən gün "Yandex"in serverlərinin Qazaxıstana köçürməsi ilə bağlı məlumatlar yayılıb. Qazaxıstan rəsmiləri bunu təsdiqləyib. Düşünmək olar ki, Yandex Qazaxıstan bazarını itirməmək üçün Qazaxıstanla bağlı datanı bu ölkəyə daşımaq məcburiyyətində qalıb" deyə O. gündüz bildirib.
Osman Gündüz, Azərbaycan İnternet Forumunun prezidenti
© Photo : Courtesy of Osman Gunduz
Onun sözlərinə görə, Azərbaycan bazarında 5 xarici investisiyalı taksi şirkəti fəaliyyət göstətir :
1.
Uber ( Rusiya, bu brendin MDB-də sahibi Yandex-dir )2.
Bolt (Estoniya)3.
Yango (Niderland)4.
Maxim (Ukrayna)5.
Uklon Azərbaycan (Umico, PAŞA Holdinq)Bəs görəsən, bu şirkətlər serverlərini Azərbaycana köçürəcəklərmi?
Ekspert bildirib ki, bir müddət öncə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, müavinləri və AYNA-nın sədri "Bolt" şirkətinin prezidenti Yevgeni Kabanov ilə onlayn görüş keçirib. Görüşdə diqqət yetirilən məsələlərdən biri də vətəndaşların fərdi məlumatlarının qorunması, xarici taksi şirkətlərinin datasının Azərbaycanda saxlanması olub:
"Eyni zamanda RİNN bu data məsələsi ilə bağlı öncədən bir rəsmi açıqlama da yaymışdı. Həmçinin Azərbaycanda "Fərdi məlumatların qorunması haqqında" yeni qanun layihəsi də hazırlanıb. Son zamanlar taksi bazarında addım-addım baş verənlərdən sonra belə qənaətə gəlmək olar ki, RİNN bu məsələlərdə çox israrlıdır.Düşünmək olar ki, xarici taksi şirkətləri müəyyən müddətdən sonra datalarını Azərbaycana da köçürəcəklər".
Xatırladaq ki, "Yanqo" taksi xidməti şirkətin məlumat bazalarına xüsusi xidmət orqanlarının çıxışının olub-olmaması ilə bağlı mətbuat üçün açıqlama verib. Şirkətdən daxil olan məlumatda bildirilir ki, Rusiya hüquq-mühafizə orqanları Azərbaycanda istifadəçilərin səfər məlumatlarına daxil ola bilmir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.