BAKI, 26 avqust — Sputnik. Bu il Azərbaycanda ərzaqların qiymətində bahalaşma baş versə də, iyul ayında aylıq müqayisədə ucuzlaşma müşahidə edilib.
Dövlət Statistika Komitəsinə görə iyulda əvvəlki aya nəzərən ərzaq məhsulları, içkilər və tütün məmulatları 1,5 faiz ucuzlaşıb, illik ərzaq inflyasiyası isə 9,7 faizə enib.
Ən çox tərəvəzlər ucuzlaşıb
2023-cü ilin iyul ayında əvvəlki aya nisbətən ərzaqlar içərisində ən çox tərəvəzlər ucuzlaşıb. Belə ki, tərəvəzlərin istehlak qiymətləri aylıq müqayisədə 6,6 faiz aşağı düşüb. Məsələn, yerli baş soğanın 1 kq-nın orta qiyməti 1,20 manatdan 1,06 manata, sahədə yetişdirilən pomidorun 1 kq-nın orta qiyməti 1,35 manatdan 1,14 manata, sahədə yetişdirilən xiyarın 1 kq-nın orta qiyməti 0,88 manatdan 0,69 manata, badımcanın 1 kq-nın orta qiyməti 2,26 manatdan 1,61 manata düşüb.
Meyvələr də ucuzlaşıb
İkinci ən çox ucuzlaşma meyvələrdə qeydə alınıb. Belə ki, ötən ay meyvələrin qiyməti aylıq müqayisədə 2,8 faiz ucuzlaşıb. Məsələn, bananın 1 kq-nın orta qiyməti 3,06 manatdan 2,70 manata, armudun qiyməti 3,94 manatdan 3,58 manata, fındığın qiyməti 5,64 manatdan 5,56 manata düşüb.
Yumurta ucuzlaşıb
Üçüncü ən çox ucuzlaşma yumurtada qeydə alınıb. Belə ki, ötən ay yumurtanın qiyməti aylıq müqayisədə 1,7 faiz aşağı düşüb. Toyuq yumurtasının 10 ədədinin orta qiyməti 1,95 manatdan 1,92 manata enib. Qeyd edək ki, toyuq yumurtasının qiyməti ilin əvvəlindən bəri ucuzlaşmaqda davam edir. İlin əvvəlində 10 ədəd yumurta 2,17 manat idi.
Çörək və kərə yağının qiyməti aşağı düşüb
Keçən ay kərə və bitki yağları, çörək, çörək məmulatları və yarmalar aylıq müqayisədə 1,1 faiz ucuzlaşıb. Məsələn, kərə yağının 1 kiloqramının orta qiyməti 19,61 manatdan 19,47 manata, günəbaxan yağının 1 litrinin orta qiyməti 5,22 manatdan 5,08 manata düşüb. Əla növ buğda çörəyinin 1 kq-nın orta qiyməti 1,30 manatdan 1,27 manata enib.
Bundan başqa, keçən ay balıq və balıq məhsulları 0,6 faiz, qənd, cem, bal, şokolad və konfetlər 0,5 faiz, süd və süd məhsulları, çay, qəhvə, kakao, spirtli içkilər 0,4 faiz ucuzlaşıb.
Ətin bahalaşması davam edir
İyul ayında aylıq müqayisədə təkcə ət və ət məhsullarının qiymətləri bahalaşıb. Belə ki, ötən ay 0,2 faiz bahalaşma qeydə alınıb. Sümüklü mal ətinin 1 kq-nın orta qiyməti 13,96 manatdan 13,98 manata, sümüksüz mal ətinin 1 kq-nın orta qiyməti 16,22 manatdan 16,27 manata qalxıb. Qeyd edək ki, ilin əvvəlindən bəri ətin qiymətində davamlı artım müşahidə edilir.
Mərkəzi Bank nə deyir?
Azərbaycan Mərkəzi Bankının məlumatına görə, illik inflyasiya həm xarici, həm də daxili amillərdən təsirlənərək azalıb. Tərəfdaş ölkələrdə inflyasiyanın azalması, dünya əmtəə bazarlarında qiymətlərin enməsi, beynəlxalq yükdaşıma xərclərinin pandemiyadan əvvəlki səviyyələrə qayıtması inflyasiyaya azaldıcı təsir edib. Ümumilikdə inflyasiyanı azaldan amillərin güclənməsi ilin sonuna və 2024-cü ilə illik inflyasiyanın hədəfə yaxınlaşması ehtimalını artırır.
Ekspertlərin də fikrincə, bu il inflyasiyanın aşağı düşəcəyi gözlənilir.
Ərzaq inflyasiyasının sürəti azalır
Xatırladaq ki, 2023-cü ilin yanvar-iyul aylarında Azərbaycanda orta illik ərzaq inflyasiyası 14,3 faiz olub. Lakin ölkəmizdə ərzaq inflyasiyasının artım sürəti azalır. Belə ki, 2023-cü ilin yanvar-iyun aylarında Azərbaycanda orta illik ərzaq inflyasiyası 15,1 faiz olub. Bu rəqəm 2023-cü ilin yanvar-may aylarında 15,8 faiz, 2023-cü ilin yanvar-aprel aylarında 16,6 faiz, 2023-cü ilin yanvar-mart aylarında isə 17,1 faiz olub.
Maliyyə Nazirliyinin müvafiq sənədində bu il Azərbaycanda orta illik inflyasiyanın 10,4 faiz olacağı proqnozlaşdırılır. 2023-cü ilin yanvar-iyul aylarında ölkədə orta illik inflyasiya 12,2 faiz təşkil edib. 2022-ci ildə Azərbaycanda orta illik inflyasiya 13,9 faiz olub.