İQTİSADİYYAT

Azərbaycanda ət, süd, yumurta istehsalı artıb

Kənd təsərrüfatının istehsalı 3,3 faiz, o cümlədən heyvandarlıq məhsulları üzrə 3,4 faiz, bitkiçilik məhsulları üzrə isə 3,2 faiz artıb.
Sputnik
BAKI, 26 avqust - Sputnik. 2023-cü ilin yanvar-iyul ayları üzrə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 7262,4 milyon manat təşkil edib ki, onun da 3411,4 milyon manatı heyvandarlıq, 3851,0 milyon manatı isə bitkiçilik məhsullarının payına düşür.
Bu barədə Dövlət Statistika Komitəsindən Sputnik Azərbaycan-a bildirilib.
Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatının istehsalı 3,3 faiz, o cümlədən heyvandarlıq məhsulları üzrə 3,4 faiz, bitkiçilik məhsulları üzrə isə 3,2 faiz artıb.
2023-cü ilin yanvar-iyul aylarında quş əti də daxil olmaqla diri çəkidə 327,0 min ton ət, 1305,8 min ton süd, 1305,1 milyon ədəd yumurta, 14,4 min ton yun, 356,6 ton barama istehsal olunub.
2022-ci ilin müvafiq dövrünə nisbətən ət istehsalı 3,1 faiz, süd istehsalı 1,7 faiz, yumurta istehsalı 12,0 faiz, barama istehsalı 5,1 faiz artıb, yun istehsalı isə 2,6 faiz azalıb.